Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şuşanın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Səbuhi Həsənquliyevin cəmi 18 yaşı var idi. Anası Maisə Həsənquliyeva bu gün də oğlunun xatirələrini göz yaşları ilə yad edir, onun Vətən sevgisindən, döyüş yolundan və son telefon danışığından söz açır. Övladının yoxluğu ilə barışmaqda çətinlik çəkən ana həyatını şəhidlərin xatirəsini yaşatmağa həsr edib.
Səbuhi Həsənquliyev 2002-ci il aprelin 11-də Ucar rayonunun Boyat kəndində dünyaya göz açıb. Ailəsi Sumqayıt şəhərində yaşasa da, onun doğulduğu kənd ailənin xatirələrində xüsusi yer tutur. Səbuhi 2003-cü ildə 6 saylı uşaq bağçasına gedib, 2008–2017-ci illərdə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayon 5 saylı orta məktəbdə təhsil alıb. Daha sonra peşə liseyində oxuyub.
2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılan Səbuhi həmin ilin sentyabrında başlayan Vətən müharibəsində iştirak edib. Xidmət etdiyi hərbi hissənin tərkibində, daha sonra isə xüsusi təyinatlıların sırasında döyüşüb. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən gənc əsgər döyüş yoldaşlarına kömək edib, çətin anlarda onların yanında olub.
2020-ci il noyabrın 8-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən qəhrəmancasına şəhid olub. Noyabrın 12-də Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
Cəmi 18 il ömür sürən Səbuhi Vətənə sədaqəti və qəhrəmanlığı ilə adını tarixə yazdırıb.
“Ana, mən şəhid olacağam...”
AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Maisə Həsənquliyeva Səbuhi haqqında danışarkən xatirələrinin çox olduğunu, lakin hansından başlayacağını bilmədiyini deyir. Onun üçün hər xatirə həm əziz, həm də ağrılıdır.
Ananın yaddaşında qalan ən təsirli hadisələrdən biri Səbuhinin hələ uşaq ikən söylədiyi sözlərdir. Dörd-beş yaşı olarkən uşaqlarla oynadığı vaxt onların arasından qaçaraq anasının qucağına gəlib. Maisə xanım onun gözlərinin dolduğunu görüb nə baş verdiyini soruşub. Səbuhi isə anasına əsgər kimi şəhid olacağını söyləyib.
Ana balasının bu sözlərinə o zaman məna verə bilməyib. Onu qucaqlayıb sakitləşdirməyə çalışıb, belə danışmamasını istəyib. İllər sonra isə həmin anı xatırlamaq onun üçün ən ağır xatirələrdən birinə çevrilib.
Səbuhi hərbi xidmətə yollanmazdan əvvəl də anasına eyni sözləri deyib. Anasının əlini əlinə alıb, başını onun çiyninə qoyaraq söyləyib: “Ana, mənim ürəyimə damıb ki, mən əsgər kimi xidmət edərkən müharibə başlayacaq və mən şəhid olacağam. Amma heç vaxt ağlama, ha! Şəhid olsam da, mənimlə fəxr et. Mən düşməndən qisas alacağam. Onlar bizim nə qədər qardaşlarımızı şəhid ediblər, torpaqlarımızı alıblar, Xocalıda faciələr törədiblər”.
Maisə xanım həmin sözləri bu gün də unuda bilmir. Övladının gələcəklə bağlı belə danışması ananın qəlbini narahat etsə də, Səbuhi qərarında qəti idi. O, Vətən qarşısında borcunu yerinə yetirmək, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmaq istəyirdi.
Hərbi xidmətə yola salınan gün...
2020-ci il iyulun 6-sı Səbuhinin hərbi xidmətə yola düşdüyü gün idi. Pandemiya dövrü olduğundan ailənin vidalaşması da düşündükləri kimi alınmayıb.
Səhər Səbuhinin atası işə gedərkən oğlunun həmin gün əsgər gedəcəyini xatırlayıb. Atası icazə alıb geri qayıdacağını və oğlunu özünün yola salacağını deyib. Ana da elə düşünüb ki, ailə üzvləri bir qədər sonra bir araya gələrək Səbuhini yola salacaqlar.
Maisə xanım otağa keçəndə oğlunun uzanaraq telefonundan mahnı dinlədiyini görüb. Səslənən mahnının melodiyası və sözləri isə illər keçsə də, ananın yaddaşından silinmir…
Ana həmin gün əməliyyatdan sonra üz nahiyəsindəki sarğıları açdırmağa getməli idi. Səbuhi qalxıb geyinib, qohumlarına zəng edərək vidalaşıb. Hamısına sağ-salamat gedib-qayıdacağını deyib.
Evdən çıxmazdan əvvəl yemək də istəməyib. Hər ikisi həmin anlarda kövrəliblər. Səbuhi anasına son dəfə belə deyib: “Ana, ağlama. İnşallah, qayıdacağam. Niyə ağlayırsan ki? Qayıdacağam, danışacağıq, narahat olma”.
Ana oğlunun arxasınca su töküb. Səbuhi isə təkbaşına pilləkənlərlə aşağı düşərək evdən ayrılıb.
Nə atası, nə də anası onu son dəfə yola sala bilib. Ailə hərbi xidmətə çağırılan çağırışçıların günortadan sonra yola düşəcəyini düşünüb. Lakin Səbuhi artıq yola çıxıb, Hacıqabula çatmaq üzrə imiş. Ailəsi bu xəbəri sonradan öyrənib.
Maisə xanım həmin günü xatırlayarkən özünü qınadığını gizlətmir:”Kaş oğlumu bir qədər gec oyadaydım, onunla bir az da çox vaxt keçirəydim, son dəfə üzünə doyunca baxa biləydim...”.
Ana ürəyinin hiss etdiyi qorxu
Hərbi xidmətə yollanandan sonra Səbuhi ailəsi ilə həftədə bir dəfə danışa bilirdi. Öz telefonu olmadığından başqalarının telefonundan zəng edirdi. Ailəsini narahat etməməyə çalışır, hər şeyin yaxşı olduğunu söyləyirdi.
Səbuhi hər dəfə zəng edəndə anasını sakitləşdirib. Müharibə başlayandan sonra da bu sözlər ailə üçün ümidə çevrilib.
Əvvəlcə Ağcabədidəki, ardınca isə Beyləqandakı “N” saylı hərbi hissəyə göndərilən Səbuhi 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi dövründə Füzuli istiqamətinə yollanıb. 44 gün ərzində döyüş yolu Füzulidən Cəbrayıla, Xocavəndə və Şuşaya qədər uzanıb. Anasının sözlərinə görə, Səbuhi Zəfər gününə kimi döyüşüb. Yaralı və şəhid döyüş yoldaşlarını döyüş meydanından çıxarıb, təhlükədə qalanların xilasına çalışıb.
Hər dəfə onun sağ olduğuna dair xəbər ailənin qəlbinə su səpib. Ancaq ətrafdan gələn şəhid xəbərləri Maisə xanımın narahatlığını daha da artırıb. O, oğlu ilə danışanda kövrəlir, ağlamağa başlayırmış. Səbuhi isə anasının səsini eşidəndə özü də təsirləndiyindən sonrakı zənglərdə onunla ən axırda danışmağa üstünlük verəcəyini söyləyib.
Son telefon danışığı
Səbuhinin ailəsi ilə son danışığı 2020-ci il oktyabrın 31-də olub.
O, həmin gün qohumları ilə uzun-uzadı danışıb, dayısını ad günü münasibətilə təbrik edib. Noyabrın 1-də ad günü olan qardaşına da əvvəlcədən təbriklərini çatdırıb: “Qardaş, sabah sənin ad günündür, bu gündən təbrik edirəm. Ola bilsin ki, təbrik edə bilmərəm”.
Qardaşı ona ehtiyatlı olmağı tapşıranda Səbuhi artıq böyüdüyünü, onu uşaq hesab etməməsini söyləyib. Qələbə qazanacaqlarına və sağ-salamat evə qayıdacağına inandığını bildirib.
Anası ilə danışanda isə həmişəki kimi onu sakitləşdirməyə çalışıb. Lakin həmin gün həm hər şeyin yaxşı olduğunu, həm də qızğın döyüşlərin davam etdiyini deyib, narahat olmamağı tapşırıb. Ana bu dəfə oğlunun cavabından narahatlıq hiss edib. Amma yenə də onun sözlərinə inanmaq, narahatlığını özündən uzaqlaşdırmaq istəyib.
Oktyabrın 31-də ailəsi ilə danışan Səbuhi noyabrın 8-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Onun son telefon danışığı ilə şəhidlik xəbəri arasında cəmi 8 gün var idi…
Qələbə sevincinə qarışan şəhid xəbəri
2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbəri bütün Azərbaycana yayıldı. Ölkə Qələbə sevincini yaşayırdı. Ancaq Maisə xanım və həyat yoldaşı Əlixan bəy bu sevinci ürəklərindəki narahatlıqdan ayrı yaşaya bilmirdilər. Onlar bir-birinə sarılaraq həm sevincdən, həm də içlərindəki izaholunmaz ağrıdan ağlayıblar. Çünki Səbuhi zəng etmirdi.
Noyabrın 8-i keçib, 9-u keçib, 10-u olub. Ana isə düşünürmüş: qələbə qazanılıbsa, Səbuhi niyə zəng etmir? Axı o, adətən, fürsət tapan kimi ailəsi ilə əlaqə saxlayırdı.
Maisə xanım qərara gəlib ki, oğlunun əvvəllər zəng etdiyi nömrələrə özü zəng etsin. Bəziləri cavab verməyib, bəzilərinə zəng çatmayıb. Nəhayət, Səbuhinin komandirlərindən biri ilə danışa bilib. Komandir yaralı olduğunu, bir müddətdir xəstəxanada müalicə aldığını deyib və Səbuhi haqqında xəbər öyrənəcəyinə söz verib.
Noyabrın 11-də ana yenidən həmin nömrəyə zəng edib. Bu dəfə komandir evdə başqa birinin olub-olmadığını öyrənmək istəyib və onunla danışmaq istədiyini bildirib. Maisə xanım həmin an ürəyindəki qorxunun cavabını hiss edib və sonuncu ümidlə “Mənə o ağır, pis xəbəri vermə”, – deyib.
Komandir təkrarən başqa bir ailə üzvü ilə danışmaq istədiyini bildirəndə, ana artıq həqiqəti anlamışdı: “Səbuhim şəhid olub, eləmi?”, - deyib.
Xəbər ailəyə çatanda hər şey bir anda dəyişib. Qohumlar, qonşular, dostlar evə toplaşıblar. Maisə xanım isə özündə qəribə bir güc hiss edib. Doğmalarına və qohumlarına zəng edərək, xəbəri özü çatdırıb: “Səbuhim şəhid olub, Vətən sağ olsun!”, - deyib.
Həmin an elə bil öz övladından deyil, başqa bir qəhrəmandan danışırmış. Ağrısını ürəyinə yaxın buraxmadan onun qəhrəmanlığını anlatmağa çalışırmış. Bəlkə də ana ürəyi bu həqiqəti qəbul etməyə hələ hazır deyildi.
“Mən hələ də Səbuhimi gözləyirəm...”
Maisə Həsənquliyeva bu gün də oğlunun yoxluğunu qəbul etməkdə çətinlik çəkir. Bəzən hələ də Səbuhinin qayıdacağını düşünür - Bir gün qapı açılacaq, oğlu içəri girəcək və deyəcək: “Ana, mən gəlmişəm. Bax, sağam. Söz verdiyim kimi qayıtdım”.
Bu, övladını itirmiş bir ananın ürəyində yaşayan, bitməyən həsrətdir. Səbuhi fiziki olaraq geri qayıtmasa da, onun səsi, xatirələri, sözləri və qəhrəmanlığı anasının həyatında yaşamağa davam edir.
Ailənin iki oğlundan kiçiyi olan Səbuhi cəmi 18 yaşında şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yaşadığı Kimyaçılar qəsəbəsində onun adına küçə verilib. Müxtəlif məktəblərdə və təhsil müəssisələrində onun adını daşıyan siniflər yaradılıb. Səbuhinin xatirəsini yaşatmaq üçün tədris mərkəzləri və kurslar fəaliyyət göstərir.
Həmin məkanlar onun qısa ömrünün böyük mənasını gələcək nəsillərə çatdırır.
Bir ananın qələmi ilə yaşadılan qəhrəmanlıq
Maisə xanım oğlunun şəhadətindən sonra özünü xalqına, Vətəninə və şəhid ailələrinə həsr edib. O, yazıçılığa və şairliyə başlayıb. “Şəhidlik Tanrı hədiyyəsidir” adlı kitabını nəşr etdirib, hazırda ikinci kitabı üzərində işləyir.
Onun ilk kitabında 127 şəhidin həyat hekayəsi yer alıb. İkinci kitabında 100-ə yaxın şəhid haqqında məlumat toplanıb. Bundan başqa, mahnılar yazır, sözləri ilə şəhidlərin xatirəsini yaşadır. Onun yazdığı mahnılar tanınmış sənətçilər tərəfindən ifa olunur. O, təkcə öz oğlunun deyil, bütün şəhidlərimizin unudulmaması üçün çalışır. Çünki bilir ki, hər şəhidin arxasında yarımçıq qalan bir ömür, gözləyən bir ana, susan bir ev və heç vaxt bitməyən bir həsrət var.
Səbuhi Həsənquliyev Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Anası Maisə Həsənquliyeva isə ömrünün qalan hissəsini onun və digər qəhrəmanlarımızın adını yaşatmağa həsr etdi.
Onun 18 illik ömrü yarımçıq qalsa da, qəhrəmanlıq dastanı bitmədi. Çünki şəhidlər xalqın yaddaşında yaşadıqca onların adı da, uğrunda can verdikləri Vətən də əbədi yaşayır.
Müxbir – Göyçək Mahmudlu