Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Yunanıstan Baş naziri Kiryakos Miçotakis ölkədə qüvvədə olan 1975-ci il konstitusiyasının dəyişdirilməsi üçün prosesə start verildiyini elan edib.
"Cebheinfo.az" xəbər verir ki, Miçotakis yayımladığı videomüraciətdə Yunanıstanda konstitusiya dəyişikliyi ilə bağlı ictimai müzakirələrin bu gündən etibarən başladığını bildirib.
Həm Baş nazir, həm də hakim Yeni Demokratiya Partiyasının lideri olduğunu xatırladan Miçotakis bu çərçivədə ilk olaraq partiyanın parlament qrupundan konstitusiya dəyişikliyi ilə bağlı təkliflərini mart ayınadək təqdim etmələrini istəyib.
Miçotakis 1975-ci ildə qəbul edilmiş konstitusiya barədə deyib: “Bu sənəd həqiqətən də 50 il ərzində siyasi sabitlik və nizam yaradıb. Canlı bir mətndir. Ancaq bu, onun XX əsrə aid olduğu faktını dəyişmir”.
Müasir dünyanın üzləşdiyi süni intellekt, iqlim böhranı kimi yeni anlayışların nəzərə alınmalı olduğunu vurğulayan Miçotakis nazirlərin vəzifədə olarkən törətdikləri cinayətlərə görə mühakimə olunması, dərin dövlətlə mübarizə kimi məsələlərdə yeni və davamlı hüquqi əsaslara ehtiyac duyulduğunu bildirib.
Miçotakis konstitusiya dəyişiklikləri çərçivəsində prezidentin yalnız bir dəfə və 6 il müddətinə seçilməsi, həmçinin ali məhkəmə hakimlərinin seçilməsində hakimlərin iradəsinin daha çox rol oynaması kimi fikirləri də gündəmə gətirib.
O, digər siyasi partiyalardan və bütün vətəndaşlardan konstitusiya dəyişikliyi ilə bağlı təkliflər gözlədiklərini deyib:“Niyyətimiz cəsarətli bir konstitusiya islahatıdır”.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin