Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Autsayder “Araz-Naxçıvan”ın qələbəsizlik seriyası davam edir. XII turda “Neftçi”ni qəbul edən Yuri Maksimovun komandası 1:3 hesabıyla uduzdu.
Mövsümə Cavid Hüseynovla başlayan, 6 turdan sonra Maksimovu posta gətirən naxçıvanlılar uğursuz zolaqdan çıxa bilmir.
Lider “Neftçi”yə qarşı mərkəz hücumçusu olmadan meydana çıxan komanda bunun əziyyətini çəkdi. Yarımmüdafiəçilər Patrik Andrade və Alberto Fernandeslə qol axtarışına çıxan kollektivin cəhdləri boşa getdi.
12 turda yalnız 4 xal toplaya bilən “Araz-Naxçıvan”ı qarşıda daha çətin sınaqlar gözləyir. Maksimovun yetirmələri ardıcıl “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la qarşılaşacaq. Təqvim də kollektivin əleyhinədir. Komandanın bu üç görüşdən xal qazanmaq ehtimalı mümkünsüz görünür. Ələlxüsus da bu oyunla.
Gedişat Maksimov üçün həyəcan təbili çalmaqdadır. “Araz-Naxçıvan” rəhbərliyi mütəxəssisin komandanı toparlaya bilməyəcəyi halda, onunla yolları ayırmaq variantını nəzərdən keçirəcək.
12 turda 2 məşqçi dəyişmək və qələbə qazana bilməməkdə əsas günahı məşqçinin də üzərinə yığmaq doğru olmazdı. Klubda işlər yolunda getmir və heyətin keyfiyyəti yaxşı nəticələr üçün kifayət deyil. Xüsusilə hücumda sıxıntılar yaşanır. Maksimov buna qədər müsbət işləri ilə yadda qalmağı bacarıb. Mütəxəssisə şans veriləcəyi halda, qışda yeni heyət formalaşdırmaqla bəlkə, pozitiv nəticəyə ümid etmək olar. İndiki vəziyyətdə komandanın “zirzəmi”dən çıxması çətin olacaq.
Şahin Cəfərov