Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, siyahıya minik avtomobilləri, yük avtomobili və mikroavtobus daxildir.
Nəqliyyat vasitələri ikinci dəfə təkrar hərraca çıxarılır. Ən yüksək start qiyməti Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məxsus 2008-ci il buraxılışlı “Mitsubishi L200” üçün müəyyən edilib. Avtomobilin start qiyməti 10 400 manat, beh məbləği isə 1 040 manatdır.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus iki nəqliyyat vasitəsi də satışa çıxarılacaq. 2006-cı il buraxılışlı “Hyundai H-1” mikroavtobusunun start qiyməti 8 000 manat, “Nissan Maxima” minik avtomobilinin start qiyməti isə 4 500 manatdır. Onlar üçün müvafiq olaraq 800 və 450 manat beh tələb olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə məxsus üç avtomobil hərraca çıxarılıb. 2008-ci il buraxılışlı “Peugeot Partner” minik avtomobilinin start qiyməti 4 500 manat, 2007-ci il buraxılışlı “Peugeot Partner” yük avtomobilinin qiyməti 4 000 manat, 2002-ci il buraxılışlı “Nissan Maxima”nın qiyməti isə 2 500 manat müəyyən edilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsinə məxsus iki “Volkswagen Passat” da satışa çıxarılacaq. 2014-cü il buraxılışlı avtomobil 9 500 manat, 2011-ci il buraxılışlı avtomobil isə 7 500 manat start qiyməti ilə təklif olunacaq. Siyahıdakı nəqliyyat vasitələrinin ümumi start qiyməti 50 900 manat, tələb olunan beh məbləğlərinin cəmi isə 5 090 manat təşkil edir.