2 əsrə bərabər 1 gün

22.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Ordusu 3 il əvvəl erməni separatizminin tabutuna “son mismarı” vurdu

Haqq nazilər, amma üzülməz – deyib müdriklərimiz. XX əsrin sonlarından XXI əsrin əvvəllərinə qədər erməni işğalına dözən xalqımızın sonda mütləq şəkildə ədaləti bərpa edəcəyinə inancı bu gün azad, suveren, güclü Azərbaycanın yaranmasının başlıca şərti oldu. Buna bütün dünya və tarix şahidlik edir.

Ötən 28 ildə nə dövlətimiz, nə də millətimiz torpaq itkisi ilə bir an belə barışmadı, ermənipərəst Qərbin, haylara təəssübkeşlik edən xristian dünyasının hər cür təzyiq və təhdidləri qarşısında geri çəkilmədi. Əksinə, üçlüyün monolitlik nümunəsini ortaya qoydu. Üzləşdiyi olduqca mürəkkəb siyasi vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyev Dövlət-Xalq-Ordu vəhdətinə güvənərək polad iradəsi, diplomatik fəhmi və sərkərdəlik qabiliyyəti sayəsində sarsılmaz konsepsiya yaratdı. Bu konsepsiya 2023-cü il 20 sentyabrın 23 saatı Azərbaycanın dövlətçilik salnaməsinin strateji dönüş nöqtəsi kimi xarakterizə oluna bilər.

Hələ 44 günlük müharibəyə və lokal antiterror tədbirinə qədər – 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən hərbi toqquşmalarda Azərbaycan Ordusu özünün yüksək peşəkarlığını əyani şəkildə nümayiş etdirdi. Məhz həmin silsilə döyüşlər düşmənin hərbi potensialının zəifliyini ortaya çıxardı, onun “keçilməzliyi” ilə qürrələndiyi müdafiə istehkamlarının qısa zamanda yarılmasının mümkünlüyünü sübuta yetirdi.

* * *

II Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni reallıq yarandı. Bu reallığı Azərbaycanın yaratması və həm də buna görə söz sahibinə çevrilməsi faktını təkcə bölgə ölkələri deyil, kollektiv Qərb də qəbul etmək məcburiyyətində idilər. 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoydu, eyni zamanda, bölgədə fərqli hərbi-siyasi reallıq formalaşdırdı. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirilən əks-hücum zamanı “dəmir yumruq” taktikası, mükəmməl hərbi strategiya düşmənin bütün planlarını alt-üst etdi. 2023-cü ilin sentyabrında antiterror tədbirinə aparan yol 44 günlük müharibədəki qələbə, sonrakı mərhələdə həyata keçirilən zəruri lokal hərbi əməliyyatlar nəticəsində sərhəd boyu yüksəkliklərin nəzarətə götürülməsi və təhlükəsizlik zonasının yaradılması Bakının sadaladığımız uğurları qorumağın möhkəm təməlini formalaşdıran taktikası idi.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın şərtinə əsasən Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan, siyasi-diplomatik yolla geri qaytarıldı. 6 ay əvvəl Cıdır düzündə yallı gedən, “Qarabağ Ermənistandır, nöqtə” deyən Ermənistan baş naziri tam məğlubiyyətini etiraf edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Amma bu, son deyildi.

Zəfərimizlə başa çatmış müharibədən 3 ilə yaxın müddət keçsə də, bölgədə mürəkkəb hərbi-siyasi gərginlik səngiməmişdi. Əslində, 2023-cü ilin 19 sentyabrına qədər uzanan mərhələdə Azərbaycanın əldə etdiyi hərbi nailiyyətlərin beynəlxalq hüquqi səviyyədə legitimləşməsi ilə yanaşı, üçtərəfli Bəyanatın ən vacib şərtlərindən birinin – Ermənistan silahlı qüvvələrinin Qarabağdakı tör-töküntüsünün ərazimizi qeyd-şərtsiz tərk etməsi tələbinin icrası İrəvan tərəfindən qulaqardına vurulurdu. Bundan daha təhlükəlisi isə həmin Bəyanata əsasən Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti ona verilmiş statusdan sui-istifadə edərək, hər cür üsulla Xankəndidəki qeyri-qanuni, separatçı rejimin ömrünü uzatmağa çalışırdı. Məhz “sülhməramlılara” güvənən bu rejim qanunsuz silahlı dəstələrini ərazimizdən çıxarmağa nəinki tələsir, əksinə, terrorçu fəaliyyətini davam etdirir, yeni mühəndis istehkamları qazır, Azərbaycan Ordusunun mövqelərini mütəmadi atəşə tutur, Ermənistandan daşıyıb gətirdiyi minaları torpağımıza basdırmaqla məşğul idi. Rəsmi Bakı separatçı rejimin bu cür qanunsuz və təxribatçı əməlləri barədə Rusiya sülhməramlı kontingentinin komandanlığını dəfələrlə məlumatlandırsa da, heç bir tədbir görülmürdü. Azərbaycan hakimiyyətinin səbir kasasının daşmasına gətirib çıxaran əsas səbəblərdən biri də məhz bu idi. Barışıqdan danışan Ermənistanın Baş naziri Nikol Paşinyan heç də sülhpərvər deyildi. O, Qarabağda əvvəlki status-kvonun bərpası, işğalın davam etdirilməsi üçün sona qədər çalışdı. Sadəcə, Prezident İlham Əliyevin dəmir siyasi iradəsi və qətiyyəti Paşinyana sülhə getməkdən başqa yol buraxmadı.

Sonra baş verən hadisələr göstərdi ki, Bakı vəziyyətin bu cür davam etməsinin hansı fəsadlara gətirib çıxaracağını və buna qarşı adekvat addımlar atmağın vaxtının yetişdiyini yaxşı anlayırdı. Vəziyyəti düzgün qiymətləndirən və onun həlli yolunu dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev yaranmış təhlükəni həmişəlik aradan qaldırmaq məqsədilə beynəlxalq hüququn təməl prinsiplərinə söykənən preventiv, uzaqgörən addımlar atdı. Əvvəlcə qarşıdakı lokal hərbi əməliyyatın diplomatik zəmini yaradıldı. Bakının beynəlxalq təşkilatlara ünvanladığı hesabatlarda Ermənistanın sülhə qarşı apardığı təxribatçı, revanşist və xain fəaliyyəti sənədlərlə, əyani sübutlarla ortaya qoyuldu. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təxribatçı fəaliyyətinə son qoyacaq addımların atılmasını şərtləndirən fakt oldu.

* * *

Müharibədəki məğlubiyyətdən başını itirmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi üzlərinə dirənən faktla heç cür barışmaq istəmir, xaricdəki havadarlarını da cəlb etməklə, Azərbaycana qarşı diplomatik təzyiqləri davam etdirir və bununla nəyəsə nail olacağına ümid bəsləyirdi. 2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda baş verən mina partlayışları onların bütün ümidlərini boşa çıxaracaq zəfər yürüşümüzü yekunlaşdıran səbəb oldu. Hayların həmin qanlı təxribatı nəticəsində Azərbaycanın yol işçiləri, asayişi qoruyan polis əməkdaşları faciəli şəkildə həlak oldular. Yaranmış mürəkkəb vəziyyət qanunsuz silahlıların mütləq şəkildə tərk-silah edilməsini, separatçıların ərazimizdəki terror yuvalarının dağıdılmasını zərurətə çevirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirinə başladı. Cəmi 23 saat davam edən yığcam, yüksək peşəkarlıqla dəqiq planlaşdırılmış əməliyyat nəticəsində separatçı qurumun bütün hərbi infrastrukturu darmadağın edildi. Qəhrəman xüsusi təyinatlılarımızın “Şuşanın azad olunması” əməliyyatı kimi hərb tarixinə düşmüş 23 saatlıq döyüş Azərbaycan Ordusunun gücünü, peşəkarlığını, yüksək səviyyəli texniki təchizatını, bütün məsələləri qısa zamanda və effektiv şəkildə həll etmək qabiliyyətini ortaya qoydu. Məhz yüksək dəqiqlikli son texnologiyalar vasitəsilə yalnız hərbi legitim hədəflərə zərbələr endirildi, mülki obyektlər, əhali isə heç bir zərər görmədi. Sentyabrın 20-də düşmən təslim olduğunu bəyan edərək, ağ bayraq qaldırdı. Ardınca Yevlax şəhərində təşkil edilən danışıqlarda separatçı rejimin nümayəndələri Bakının irəli sürdüyü şərtləri qəbul etdilər.

Bəli, 3 il bundan əvvəl ordumuzun həyata keçirdiyi 23 saat 43 dəqiqəlik lokal antiterror tədbiri Azərbaycanın bütün ərazisində suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunduğu tarixi addım idi. Bu, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diplomatik və hərbi strategiyasının təntənəsi idi. Bununla da bölgədə erməni separatizminin tabutuna sonuncu – dördüncü mismar vuruldu, eləcə də Vətənimizə və xalqımıza qarşı iki əsr bundan əvvəl törədilmiş hərbi-siyasi ədalətsizlik bir sutkadan az bir vaxtda aradan qaldırıldı və Mütləq Zəfərimiz tamamlanmış oldu.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью