20 manata görə qonşusunu bıçaqladı

02.03.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yevlax rayonunda qonşular arasında pul borcu üstündə yaranan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Sənan yaşadığı evin qarşısında küçədə alkoqol sərxoşluğu vəziyyətində dayanarkən ora qonşusu Emil gəlib.
Emil ona olan 20 manat pul borcunu ödəməsini tələb edib. Sənan isə üzərində pulu olmadığından borc pulu həmin vaxtı verə bilməyəcəyini deyib. Bu zaman Emil ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs yaşadığı evdən özü ilə gətirdiyi üzərində olan mətbəx bıçağını çıxardıb və Emilin sol bel nahiyəsinə bir dəfə vurub.
Sənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Sənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Emil onun qonşusudur, onunla  heç vaxt ədavət və düşmənçiliyi olmayıb: “Mən hadisə baş verən günü, təxminən gecə saat 03:30-da yaşadığı fərdi yaşayış evində olan zaman səs eşitdim və küçəyə çıxdım. Küçəyə çıxan zaman qonşum Emili gördüm və ona salam verdim. Emil mənə yaxınlaşdı, məndən 20 manat borcunu istədi. Emilə olan 20 manat borcu verə bilmədim. Bu səbəbdən Emil ilə aramızda mübahisə başladı. Həmin vaxt sərxoş olduğum üçün əsəblərimi cilovlaya bilmədim və özüm ilə evdən gətirdiyim mətbəx bıçağı ilə Emilin kürəyinin sol böyrək nahiyəsinə bir dəfə vurdum. Sonra isə oradan uzaqlaşdım. Emili bıçaqla vuran zaman həmin vaxt orada heç kim olmayıb”.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib. O bildirib ki, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur.
Bu işə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə onların barışmasını nəzərə alıb. Bu səbəbdən də onun barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, Sənan bundan əvvəldə mühakimə olunub. O, 2024-cü ildə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, həmin cəzasını başa çatdırmayıb.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью