Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mayın 25-də saytımızda "Siyəzəndə 20 min toyuq buna görə məhv oldu, sahibkar Prezidentə müraciət etdi" başlıqlı məqalə dərc etmişdik.
Məqalədə Siyəzən sakini, sahibkar Rəhim Hüseynov Ağdaş Yem Fabrikindən aldığı yemdən ona məxsus quşların kütləvi şəkildə zəhərləndiyini və təsərrüfatının məhv olduğunu iddia etmişdi.
O bildirmişdi ki, 2023 və 2024-cü illərdə iki dəfə həmin fabrikdən aldığı yemə görə ümumilikdə on doqquz mindən çox toyuğu tələf olub.
Sözügedən iddialarla bağlı Ağdaş Yem Fabriki - "ATS Feed" MMC-nin direktoru Maşallah Saleh oğlu Tağıyev Bakupost.az -a açıqlama verib.O bildirib ki, Siyəzən sakini, sahibkar Rəhim Süleyman oğlu Hüseynov uzun müddətdir cəmiyyətə məxsus, Ağdaş rayonu ərazisində yerləşən fabrikdə istehsal olunan quş yeminin alıcısıdır.
Həmin yemi isə ölkənin şimal bölgəsi üzrə distribütorləri olan Elnur Mustafayev və Ədalət Məmmədovdan alıb.Maşallah Tağıyevin sözlərinə görə, əvvəllər alıcı ilə distribütorlər arasında heç bir problem olmayıb, yağlı vədlərə aldanan hər iki şəxs Rəhim Hüseynova inanaraq külli miqdarda dəyərə malik olan malı ona satıblar.
Daha sonra malın dəyəri tələb olunduqda, ödəməkdən boyun qaçmaq istəyən Rəhim Hüseynov güya yem zəhərlənməsindən quşların tələf olduğu iddiasını irəli sürüb:“Quşlara yerində, səriştəli, kifayət qədər təcürbəyə malik olan baytar həkimlərin iştirakı ilə baxış keçirilib və ölən quşlardan nümunə götürülərək akkreditasiya olunmuş laboratoriyada analiz edilib.
Sınaq, nəticələrindən məlum olub ki, quşlar yemdən deyil, xəstəlikdən tələf olublar.