20 sentyabr Dövlət suverenliyi günü: Zəfərlə möhkəmlənən dövlətçilik iradəsi

21.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suveren, müstəqil və qüdrətli Zəfər ölkəsində yaşamaq hər bir vətəndaş üçün böyük xoşbəxtlik və qürur mənbəyidir. Müstəqillik təkcə dövlət sərhədlərinin və siyasi iradənin qorunması deyil, həm də xalqın öz taleyini müəyyən etməsi, milli maraqlarını müdafiə etməsi və gələcəyini inamla qurması deməkdir. Hər bir xalq üçün müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik əzmini sarsıda bilməmişdir. Bu gün Azərbaycan xalqının sahib olduğu ən böyük dəyər öz siyasi iradəsini sərbəst şəkildə ortaya qoyması və suveren dövlətinin gələcəyinə sahib çıxmasıdır.

Lakin bu günə gəlib çatmaq heç də asan olmayıb. Azərbaycan tarix boyu böyük dövlətçilik ənənələrinin formalaşdığı bir coğrafiya olub. Şirvanşahlardan Səfəvilərə, Azərbaycan xanlıqlarından Azərbaycan Xalq Cümhuriyyətinə qədər uzanan tariximiz göstərir ki, bu torpaqlarda dövlətçilik düşüncəsi, milli iradə və müstəqillik arzusu heç vaxt sönməyib. Əfsuslar olsun ki, tariximizin mürəkkəb və ağır dövrləri də olub. Müstəqilliyimizi itirmişik, torpaqlarımız parçalanıb, siyasi iradəmiz məhdudlaşdırılıb. XX əsrin sonlarında isə Azərbaycan növbəti dəfə ağır sınaqla üz-üzə qaldı.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi 30 ilə yaxın işğal altında qaldı. Azərbaycanlılar öz doğma torpaqlarından didərgin salındı, etnik təmizləmə siyasəti həyata keçirildi, şəhər və kəndlərimiz dağıdıldı, tarixi və mədəni irsimiz məhv edildi, Xocalı soyqırımı törədildi. Bu illər ərzində beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcud olsa da, onların icrası təmin edilmədi. Amma Azərbaycan xalqı öz torpaqlarının işğalını taleyin dəyişməz hökmü kimi qəbul etmədi. Bu iradə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Dövlətin gücləndirilməsi, milli ruhun formalaşdırılması, milli vətənpərvərliyin aşılanması, müasir standartlara cavab verən və müasir texnologiyalarla təmin olunan Müzəffər Ordumuzun yaradılması, beynəlxalq münasibətlərdə milli maraqlarımızın qətiyyət və prinsipiallıqla müdafiə edilməsi vahid siyasi xəttin tərkib hissəsi oldu. Nəticədə 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı.

Bu Zəfər yalnız işğal olunmuş ərazilərin böyük hissəsinin azad edilməsi deyildi. Bu, Azərbaycan dövlətinin siyasi iradəsini ortaya qoyması, xalq-dövlət birliyinin real gücə çevrilməsi, milli iradənin hərbi, siyasi və diplomatik imkanlarla tamamlanması idi. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə həm ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələni keçdi, həm də uzun illər ərzində həll olunmayan məsələnin həlli üçün öz gücünə arxalanan dövlət olduğunu göstərdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında da qeyd olunduğu kimi, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olundu.

Lakin Zəfərlə yanaşı qarşıda daha böyük və tarixi bir vəzifə dayanırdı: Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və qanunun aliliyinin tam bərpası. 2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri məhz bu tarixi vəzifənin həyata keçirilməsinə yönəldi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Separatçı rejim özünü buraxmağa məcbur oldu, Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edildi və Azərbaycanın Qarabağda Konstitusiya quruluşu bərpa olundu. Beləliklə, 2023-cü il 20 sentyabr tarixində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.

Məhz bu səbəbdən 20 Sentyabr Azərbaycan tarixində xüsusi məna daşıyır. Bu, sadəcə təqvimə əlavə edilmiş bir tarix deyil, dövlət hakimiyyətinin öz ərazisində tam bərpasının, Azərbaycan qanunlarının ölkənin bütün ərazisində qüvvəyə minməsinin və milli suverenliyin reallığa çevrilməsinin rəmzidir. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi məhz bu tarixi reallığın dövlət səviyyəsində təsdiqidir.

Suveren dövlət yalnız xəritədə sərhədləri olan dövlət deyil. Suveren dövlət öz ərazisində ali hakimiyyətə malik olan, daxili və xarici siyasətini müstəqil müəyyən edən, milli maraqlarını sərbəst müdafiə edən və gələcəyini formalaşdıran dövlətdir. Bu gün Azərbaycan bütün bunları real şəkildə həyata keçirən dövlətdir. Azərbaycanın suverenliyi artıq yalnız beynəlxalq hüquq sənədlərində tanınan prinsip deyil. Bu suverenlik Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Bayrağının dalğalanması, dövlət qurumlarının fəaliyyət göstərməsi, Azərbaycan qanunlarının tətbiqi, insanların doğma torpaqlarına qayıtması, məktəblərin, xəstəxanaların, yaşayış məntəqələrinin, yolların və sosial infrastrukturun yenidən qurulması ilə gündəlik həyatın bir hissəsinə çevrilib.

20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilməsi də bu tarixi mərhələnin mühüm ifadəsidir. 18 sentyabr 2024-cü il tarixli Sərəncamla bu şəhərlərin gününün məhz 20 sentyabrda qeyd olunması müəyyən edilib. Bu tarixlər arasında təsadüfi əlaqə yoxdur. 20 sentyabrda suverenlik bərpa olundu və Azərbaycan öz ərazisində dövlət hakimiyyətinin tamlığını təmin etdi. Bu tarix həm də azad edilmiş şəhərlərin yeni həyatının və dövlətçilik mərhələsinin simvoluna çevrildi.

Bu gün həmin torpaqlarda görülən işlər suverenliyin yalnız hərbi və siyasi nəticə olmadığını göstərir. Əsl suverenlik həm də dağıdılmış torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması, yeni məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin, yolların, elektrik və digər infrastrukturun yaradılmasıdır. Xankəndidə Qarabağ Universitetinin fəaliyyət göstərməsi, Xocalı, Xocavənd və Ağdərədə yaşayışın bərpası, yeni məskunlaşma və quruculuq prosesinin davam etdirilməsi Azərbaycanın öz torpaqlarında yalnız bayraq qaldırmadığını, həmin ərazilərdə gələcək qurduğunu göstərir. Bu mənada suverenlik qələbədən sonra başlayan daha böyük məsuliyyətdir.

Dövlətin gücü yalnız ordusu, iqtisadiyyatı və siyasi nüfuzu ilə ölçülmür. Dövlətin əsl gücü həm də ona bağlı, qanunlara hörmət edən, dövlət maraqlarını şəxsi maraqlarından üstün tutan, cəmiyyətin inkişafına öz töhfəsini verən məsuliyyətli vətəndaşları ilə müəyyən olunur. Bax, biz həmin vətəndaşlarımızla böyük həmrəylik, birlik, sarsılmaz bağlılıq və siyasi liderə şüurlu etimad yaratmaqla qürurlu bir cəmiyyət formalaşdırdıq. Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri bir həqiqəti də ortaya qoydu: dövlətin gücü xalqın iradəsi ilə birləşəndə qarşısına qoyduğu ən mürəkkəb vəzifələri də həll edə bilir.

Bu gün Azərbaycanın əldə etdiyi suverenlik bizim qürurumuzdursa, sabahın daha güclü Azərbaycanını qurmaq bizim vətəndaşlıq borcumuzdur. Çünki suverenliyi qazanmaq qədər onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək də vacibdir. Bu gün Azərbaycan regional və qlobal proseslərdə öz milli maraqlarını daha qətiyyətlə müdafiə edən dövlətdir. Dövlət iradəsi, milli güc və beynəlxalq mövqe eyni siyasi xətt üzərində birləşib. Biz bunu yalnız siyasi bəyanatlarda deyil, reallıqlarda görürük. Azərbaycanın son illərdə keçdiyi yol göstərdi ki, siyasi iradə konkret nəticəyə çevrilmədikcə öz-özlüyündə kifayət deyil. Diplomatik mövqe, iqtisadi imkan, hərbi güc, milli birlik və siyasi uzaqgörənlik bir məqsədə xidmət etdikdə dövlətin strateji çəkisi də artır.

Tarix bizə göstərdi ki, dövlət qurmaq o qədər də asan deyil. Müstəqillik təsadüf deyil, suverenlik də hədiyyə deyil. Onların arxasında xalqın iradəsi, dövlətin siyasi gücü, əsgərin qəhrəmanlığı, şəhidin qanı, diplomatın mübarizəsi, cəmiyyətin həmrəyliyi və uzun illər aparılan dövlət quruculuğu dayanır.

Buna görə də 20 Sentyabr yalnız keçmişin xatırlandığı gün deyil. Bu tarix həm də gələcəyə baxış günüdür. 20 Sentyabr bizə xatırladır ki, Azərbaycan artıq öz torpağında öz sözünü deyən, öz bayrağını bütün ərazisində dalğalandıran, öz Konstitusiyasının aliliyini təmin edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və gələcəyini özü müəyyən edən dövlətdir. Qələbənin ən böyük mənası da məhz budur. Biz yalnız torpaqları deyil, dövlətçilik iradəsini və gələcəyə inamı bərpa etdik.

20 Sentyabr bu tarixi həqiqətin adı oldu. Suverenlik bizim qürurumuzdur. Onu qorumaq, möhkəmləndirmək və daha güclü Azərbaycan qurmaq isə bizim vətəndaşlıq borcumuzdur.

Yaşasın Azərbaycanın suverenliyi!

Ramil Hüseynov
“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzi

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью