20 Sentyabr tarixi ŞƏRH

16.09.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli həmrəyliyin və böyük zəfərin rəmzi olan Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçilik tarixinin ən şanlı və qürurverici zirvələrindən biridir. 20 Sentyabr tarixi sadəcə təqvimdə növbəti bir gün deyil, xalqımızın onilliklər boyu apardığı dönməz mübarizənin, sarsılmaz iradənin və qəhrəman ordumuzun rəşadətinin mənəvi təntənəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən bu əlamətdar gün, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öz ərazi bütövlüyünü sahədə tam təmin etməsinin və beynəlxalq hüququ öz gücü ilə bərpa etməsinin rəsmi təsdiqidir. Bu tarix çoxəsrlik dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə bütöv, güclü bir məmləkət ötürülməsi baxımından əvəzsiz siyasi-mənəvi dəyərə malikdir.

Bu tarixi zəfərin memarı və təməli məhz Azərbaycan xalqının nümayiş etdirdiyi dəmir kimi möhkəm milli həmrəylikdir. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq başlayan və cəmi 23 saat ərzində möhtəşəm qələbə ilə başa çatan lokal antiterror tədbirləri xalqla dövlətin, ordu ilə rəhbərin sarsılmaz birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgərinin cəsarəti və şəhidlərimizin müqəddəs qanı hesabına Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə konstitusiya quruluşu yenidən bərpa olundu. Dövlət bayrağımızın suverenliyimizin tam bərpa olunduğu həmin ərazilərdə ucalması, millətimizin qəlbindəki azadlıq atəşinin və Vətən sevgisinin heç vaxt sönməyəcəyinin ən bariz rəmzidir.
Bu gün tam suveren bir dövlət kimi qeyd etdiyimiz Dövlət Suverenliyi Günü, həm də gələcəyə doğru atılan böyük inkişaf addımlarının başlanğıcıdır. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa-quruculuq işləri, soydaşlarımızın öz doğma yurdlarına böyük qayıdışı bu suverenliyin real və əməli nəticəsidir. İqtisadi müstəqilliyini möhkəmləndirən, hərbi qüdrətini artıran və beynəlxalq arenada söz sahibinə çevrilən müasir Azərbaycan, suveren hüquqlarını qətiyyətlə qorumağa davam edir. Dövlət Suverenliyi Günü hər bir Azərbaycan vətəndaşına milli qürur hissi yaşatmaqla yanaşı, həm də dövlətin müstəqilliyini göz bəbəyi kimi qorumaq, onu daha da gücləndirmək üçün hər zaman bir yumruq kimi birləşməyin vacibliyini xatırladır.

Səbinə Səlimova
YAP Masallı rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью