20 sentyabr xalqımızın qürur günüdür

16.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması qürurvericidir. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncam böyük tarixi və mənəvi əhəmiyyət daşıyır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Deputat qeyd edib ki, bu ərazilər uzun illər Ermənistanın işğalı altında qalıb, şəhər və kəndlər dağıdılıb, Azərbaycanın tarixi, mədəni və dini abidələri vandalizmə məruz qoyulub:

“Otuz ildən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət, xalqımızın birliyi və Ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad edildi. Dövlət başçısı 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağını ucaltdı. Həmin il noyabrın 8-də isə Xankəndidə Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Bu parad Azərbaycanın suverenliyinin tam bərpasının rəmzinə çevrildi”.

Tahir Rzayev bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti və quruculuq meydanıdır:

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad edilmiş ərazilərə səfər edir, görülən işlərlə tanış olur və qarşıdakı vəzifələri müəyyənləşdirirlər. Bu torpaqlar artıq döyüş meydanından böyük quruculuq meydanına çevrilib. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdır, burada dinc həyata qovuşur, qurub-yaradırlar”.

Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə səfər edən xarici dövlət və hökumət nümayəndələri, diplomatlar və siyasətçilər həm dağıntıların miqyasını, həm də qısa müddətdə görülən geniş quruculuq işlərini yerində müşahidə edirlər:

“Xarici qonaqlar Ermənistanın işğal dövründə törətdiyi dağıntıları öz gözləri ilə görür, eyni zamanda Azərbaycanın bərpa və quruculuq imkanlarına şahidlik edirlər. Bu səfərlər Qarabağda yaradılan yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır”.

Tahir Rzayev Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasını və azad edilmiş ərazilərdə təhsil həyatının bərpa olunmasını xüsusi qeyd edib:

“Bu gün Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, uşaqlar doğma şəhər və kəndlərində məktəbə gedirlər. Ərazilərdə mötəbər tədbirlər, beynəlxalq festivallar və mədəni proqramlar təşkil olunur. Artıq yalnız Xankəndi, Xocalı, Xocavənd və Ağdərə sakinləri deyil, bütün Azərbaycan qürurludur. Qələbəmizi və suverenliyimizin bərpasını əks etdirən hər bir tarix xalqımız üçün əziz və doğmadır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью