“20 Yanvar” metrosu və “Şamaxinka”ya da velosiped zolaqları çəkiləcək RƏSMİ AÇIQLAMA

10.07.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakıda mikromobillik zolaqlarının şəbəkəsi mərhələli şəkildə genişləndirilir. Paytaxtda velosiped və elektrikli skuter kimi mikromobillik vasitələrinin istifadəsinin təşviqi istiqamətində infrastruktur layihələri davam etdirilir. Məqsəd şəhərdaxili hərəkəti daha təhlükəsiz, rahat və ekoloji cəhətdən səmərəli etməkdir.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan yerüstü nəqliyyat agentliyi (AYNA) tərəfindən təşkil olunan “Media nümayəndələri üçün yol hərəkətinin təşkili ilə bağlı təlim-infosessiya” zamanı məlumat verilib.

Hazırda Bakının 34 küçəsində mikromobillik zolaqları təşkil edilib. Bu zolaqların yaradılması zamanı mövcud avtomobil yollarının eni qorunub saxlanılıb. İnfrastruktur işləri normadan artıq enə malik hərəkət zolaqlarının optimallaşdırılması hesabına həyata keçirilib. Beləliklə, avtomobillərin hərəkətinə ciddi təsir göstərilmədən velosiped və skuter istifadəçiləri üçün ayrıca hərəkət sahələri ayrılıb. Görülən işlərin əsas məqsədi şəhərin müxtəlif hissələrində ayrı-ayrı zolaqlar yaratmaq deyil, onları mərhələli şəkildə bir-biri ilə əlaqələndirərək vahid mikromobillik şəbəkəsi formalaşdırmaqdır. Bu yanaşmanın gələcəkdə şəhərdaxili qısa məsafəli səfərlərin daha rahat və təhlükəsiz həyata keçirilməsinə imkan yaradacağı qeyd olunub.

Layihəyə əsasən, mikromobillik infrastrukturunun inkişafı növbəti mərhələdə də davam etdiriləcək. Yaxın gələcəkdə mövcud zolaqların Tbilisi prospekti və Şamaxinka istiqamətində uzadılması planlaşdırılır. Bu isə paytaxtın müxtəlif hissələri arasında mikromobillik marşrutlarının daha geniş ərazini əhatə etməsinə şərait yaradacaq. Son illərdə Bakıda velosiped və elektrikli skuterlərdən istifadə edənlərin sayının artması fonunda bu nəqliyyat vasitələri üçün təhlükəsiz və fasiləsiz hərəkət infrastrukturunun yaradılması prioritet istiqamətlərdən biri hesab olunur.

Fatimə Dadaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью