Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Yeni müharibənin astanasında
Tarixdə elə yay ayları olub ki, insanların yaddaşından heç vaxt silinməyib. 1826-cı ilin iyulu da onlardan biridir.
Düz 200 il qabaq Gəncədə iyul günləri adi günlərdən biri idi. Yəni bağlarda meyvələr yetişirdi, arxlardan sərin sular axırdı, bazarda alver gedirdi… Amma şəhərin üzərində görünməyən bir gərginlik vardı. Arazın o tayından gələn xəbərlər heç də yaxşı xəbərlər deyildi. Abbas Mirzənin başçılıq etdiyi Qacar ordusu Azərbaycan torpaqlarına doğru irəliləyirdi. Artıq müharibə başlanmışdı.
Həmin vaxt Gəncə Rusiya imperiyasının tərkibində idi. Şəhərin adını rəsmi sənədlərdə Yelizavetpol yazırdılar. Amma xalq üçün bu şəhərin adı dəyişməmişdi. Hamı yenə ona Gəncə deyirdi.
İyulun ilk günlərindən vəziyyət ağırlaşmağa başladı. Rus qoşunları müdafiəyə hazırlaşır, Qacar ordusu isə Qarabağ və Gəncə istiqamətində irəliləyirdi. Şəhərdə hər kəs eyni xəbərləri danışır, eyni sualı verirdi: müharibə Gəncəyə çatacaqmı?
Çox keçmədi ki, bu narahatlıq gerçəyə çevrildi. Gəncə ətrafında döyüşlər başladı. Şəhər bir müddət Uğurlu xanın rəhbərliyi ilə Qacar ordusunun nəzarətinə keçdi. Ancaq bu, uzun çəkmədi.
Tarixçilər 1826–1828-ci illər döyüşlərini Rusiya–İran müharibəsinin taleyini dəyişən əsas hadisələrdən biri kimi qiymətləndirirlər.
Gəncə isə yenə öz taleyini yaşadı. Müharibə gördü, itkilər verdi, dağıntılar yaşadı. Amma həyat dayanmadı. İnsanlar yenidən evlərini bərpa etdilər, bazarlar açıldı, şəhər, necə deyərlər, əvvəlki əhval-ruhiyyəsini qaytardı.
Bu gün Gəncənin küçələrində gəzərkən heç ağlımıza gəlmir ki, düz iki əsr əvvəl bu torpaqlarda top səsləri eşidilirdi. İnsanlar hər səhəri nigaran açır, hər axşamı salamat başa vurduqlarına şükür edirdilər.
Əslində, Gəncə tarix boyu çox sınaqlardan keçib. Elə buna görə də bu şəhərin tarixini yalnız qədim binalar və abidələr yazmayıb. Onu burada yaşayan insanlar yazıb.
1826-cı ilin iyulunda Qacar ordusunun yürüşü təkcə Gəncəyə yönəlməmişdi. Abbas Mirzənin qoşunları qısa müddətdə Bakı, Quba, Şirvan, Şəki və Talış bölgəsində də ciddi uğurlar qazandı. Şuşa qalasını ələ keçirə bilməsələr də, bir çox ərazilərdə rus qoşunları geri çəkilməyə məcbur oldu.
Qeyd etdiyimiz kimi, Gəncə də həmin ağır günləri yaşadı. Şəhər bir müddət Qacar ordusunun nəzarətinə keçdi. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, müharibənin taleyi hələ həll olunmayıb. Rus ordusu yeni qüvvələr və əlavə silah-sursatla bölgəyə gəldi. Sentyabrın 25-də Gəncə yaxınlığında baş verən həlledici döyüşdə Paskeviç Abbas Mirzənin ordusunu məğlub etdi və Qacar qoşunları Arazın cənubuna çəkildi.
Burada maraqlı bir sual ortaya çıxır. Əgər rus ordusu təkcə Gəncədə deyil, Bakıda, Qubada, Şəkidə və digər şəhərlərdə də silah və hərbi qüvvəyə malik idisə, bəs nə üçün həmin şəhərlərin bir çoxu müharibənin ilk mərhələsində Qacar ordusunun qarşısında tab gətirə bilmədi?
Tarixçilər bunu bir neçə amillə izah edirlər. Qacar ordusu müharibənin ilk həftələrində say üstünlüyünə, sürətli hücum taktikasına və təşəbbüsə malik idi. Rus qoşunları isə bölgəyə səpələnmiş vəziyyətdə idi və əlavə qüvvələrin gəlməsini gözləyirdi. Müharibənin gedişini dəyişən məhz sentyabr ayında rus ordusunun cəmləşməsi, yeni qüvvələrin və ağır silahların döyüşə cəlb olunması oldu.
Bütün bunlarla yanaşı, Gəncə tarix boyu yalnız istehkamlarına görə deyil, çətin günlərdə göstərdiyi iradə ilə də seçilib. Bu şəhərin adı əsrlərdir təkcə xəritədə deyil, mübarizə salnaməsində də yaşayır. Elə 1826-cı ilin iyul–sentyabr aylarında olduğu kimi.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri