Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. Suriyada 61 illik Baas rejiminin 12 gün içərisində çökməsi müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Suriyaya qaçan Bəşər Əsədin hərbçiləri çöküşün əsl səbəblərini açıqlayıblar.
Bir zamanlar 200 min nəfərə yaxın heyəti olan Suriya ordusunun silahlı müxaliflərə qarşı heç bir müqavimət göstərməməsi, onu deməyə imkan verir ki, əslində Əsəd hərbçiləri son 12 gün içərisində deyil, daha öncədən təslim olmuşdular.
Əsəd ordusunun zabiti Vasim Ahmed mətbuata açıqlamasında "Suriya ordusu sadəcə kağız üzərində vardı" deyə bildirib.
"The Telegraph" qəzetinə danışan Əsəd ordusunun zabitləri bildiriblər ki, müxalif güclər Dəməşqə doğru irəliləyən zaman onlar nə edəcəklərini bilməyiblər: "Komandanlıqla aşağı instansiyalar arasında əlaqə pozulmuşdu, orduda xaos hökm sürürdü.
Həm canlı qüvvə, həm də silah baxımından müxalif güclərdən üstün idi, amma psixoloji durumumuz aşağı idi. Uduzmağımızın iki səbəbi var.
Birincisi, maaşlarımız çox az idi. Ayda cəmi 30 dollara heç kəs döyüşmək istəməz. İkincisi, heç bir əmr gəlmədi. Nə edə bilərdik?
Ailələrimizin yanına dönmək və bu gərginlikdən uzaq durmaq istədik. Uduzmağa hazır idik və uduzduq".