2000 illik tarixi olan Coratın baxımsız hamamları uçulur: “Nə qədər müraciət etsək də…” ŞİKAYƏT+ÖZƏL FOTO

01.02.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Bizim Corat kəndində 4 tarixi abidəmiz var. Bunlardan ikisi məsciddir. Biri Corat Cümə məscidi, digəri isə Kərbəlayı Gülxatun məscididir. Təəssüflər olsun ki, illərdir bu məscidlər qeydiyyata alınmır. 16-cı əsrə aid olan Məşədi Məcid və 17-ci əsrə aid Hacı Əmrulla bəy hamamları da qeydiyyata salınmayıb. Hər dəfə müraciət etsək də, bir çarə qılan yoxdur. Yay ayının sonlarında AMEA-nın Memarlıq və İncəsənət institunun komissiyasından bu hamamlarla bağlı müzakirə keçirilib. Bu ilkin komissiya idi. Yeni aşkar edilmiş abidə qismində qeydə alınıb, memarlar fikirlərini də bildiriblər. Hələ ki, tarixi abidə kimi tanınmır. İstəyimiz odur ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin siyahısında bu tarixi hamamlar yer alsın”

Bunu Moderator.az-a açıqlamasında Corat kənd sakini Nahid Zülfüqarov deyib. Corat Bələdiyyəsinin sədr müavini vəzifəsini icra edən kənd sakini deyir ki, dəfələrlə özləri bu tarixi abidələrdə iməcliklər təşkil edib:


“Kənddə 100 nəfərdən imza götürüb aidiyyatı qurumlara göndərmişik. Kənd camaatının da ən böyük arzusu budur ki, kəndin tarixi abidələri siyahıya alınsın. Dünən də kənd camaatı ilə birlikdə iməclik keçirmişik.1 həftə bundan əvvəl də iməclik olub. Camaat da iştirak edir. Hələ ki, gözləyirik. Ürəkaçan xəbərlər yoxdur. Bilirsiniz ki, cənab prezident 2026-cı ili “Şəhərsalma və Memarlıq ili” elan edib. Biz də cəhd edirik ki, heç olmasa bu il nəyəsə nail olaq. Hamamlar tarixin ümidinə buraxılıb. Uçulub-dağılır. Belə getsə nə bu hamamlar qalacaq, nə də bu hamamlar haqqında kimsə bir məlumat biləcək. Kənd camaatı da hamamların əvvəlki vəziyyətinə gətirilərək istifadəyə verilməsini arzulayırlar” deyə kənd sakini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью