2000 yaşı olan Roma ilahəsi Veneranın başı tapılıb

04.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İspaniyanın Alikante şəhərində çimərliyin abadlaşdırılması layihəsi çərçivəsində aparılan qazıntı işləri zamanı Roma ilahəsi Veneraya aid 2 min illik mərmər başı tapılıb. El Pais nəşrinin verdiyi məlumata görə, tarixi sənət əsəri eramızın I və II əsrləri arasındakı dövrə aid edilir.

İşçilər tikinti qruntunun və daşların arasında yaxşı saxlanılmış antik heykəli fərq edən kimi qazıntını dərhal saxlayıb əraziyə arxeoloqları dəvət ediblər. Alikantenin Mədəni İrs İdarəsinin rəhbəri Xose Manuel Peres Burqos bildirib ki, qazıntı aparılan zaman məsul arxeoloji təşkilata əvvəlcədən xəbər verilməməsi xəta olsa da, fəhlələrin vaxtında dayanması tapıntının zədələnməsinin qarşısını alıb. Ağırılığı 14 kiloqram, hündürlüyü təxminən 22 santimetr olan heykəlin burnunda və çənəsində yüngül zədələr var.

Mütəxəssislərin ilkin rəyinə əsasən, bu mərmər baş ayrıca büst deyil, tam ölçülü Venera heykəlinin bir hissəsi olub. Hazırda Alikante Müasir İncəsənət Muzeyində saxlanılan tapıntı üzərində təmizləmə və ətraflı tədqiqat işləri aparılır. Şəhər rəhbərliyi unikal eksponatı ilin sonunadək ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Hazırladı: 
Arzu Əliyeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью