2003 cü il avqustun 4 dən başlanan şərəfli yol ŞƏRH

04.08.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, 2003-cü il avqustun 4-də cənab İlham Əliyevin Baş nazir təyin edilməsi yalnız idarəçilik dəyişikliyi deyildi. O gün Azərbaycanın taleyinə həkk olunan möhtəşəm Zəfər yürüşünün ilk addımı atıldı. Həmin tarixdə Milli Məclisdə qəbul edilən qərar, əslində, 30 illik həsrətə son qoyacaq, Şuşada bayrağımızı dalğalandıracaq və ölkəmizin tam suverenliyini təmin edəcək "dəmir iradə"nin rəsmi təsdiqi oldu. Yeri gəlmişkən, 2003-cü ilin avqustunda verilən bu tarixi qərar təsadüfi bir seçim deyildi. Hələ Baş nazir təyin olunmazdan əvvəl cənab İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin ən parlaq yetirməsi kimi özünü artıq təsdiqləmişdi. O, "Əsrin müqaviləsi"nin yaradıcılarından biri kimi ARDNŞ-də ölkəmizin neft strategiyasını dünya nəhənglərinə diktə edirdi. AŞPA-dakı mübarizəsi ilə Avropanın tən ortasında Ermənistanın işğalçı xislətini beynəlxalq kürsülərdən nəzərə çarpdırır, haqq səsimizi dünyaya çatdırırdı. Məhz cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurasında müzakirəsi zamanı böyük uğurlar əldə etmişdi. Azərbaycan nümayəndə heyətinə rəhbərliyi dövründə AŞPA-nın vitse-prezidenti kimi mühüm posta seçilmiş cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu qurum Ermənistanı işğalçı dövlət kimi tanımışdı. Eyni zamanda o, Milli Olimpiya Komitəsinin rəhbəri kimi sağlam və vətənpərvər Azərbaycan gəncliyinin yetişməsi üçün idman hərəkatının təməlini qoyurdu. Bu keyfiyyətlər sayəsində cənab İlham Əliyevin Baş nazir təyinatı təkcə ölkə daxilində deyil, ABŞ də daxil olmaqla dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Beynəlxalq aləm cənab İlham Əliyevin şəxsində müasir düşüncəli, uzaqgörən və verdiyi sözə sadiq bir lider gördü.
Xüsusilə qeyd etmək lazımdır ki, 2003-cü il avqustun 4-də cənab İlham Əliyevin Milli Məclisin yekdil razılığı ilə Baş nazir vəzifəsinə təyin edilməsi, əslində, xalqın ona göstərdiyi böyük etimadın təcəssümü oldu. Hökumət başçısı kimi bir neçə aylıq fəaliyyətində mühüm addımlar atan cənab İlham Əliyevin sonrakı prezidentlik fəaliyyəti dəqiq hesablanmış xüsusi inkişaf mərhələsi ilə bağlı oldu. Prezident İlham Əliyev yaxşı bilirdi ki, iqtisadiyyatı güclü olmayan dövlətin hərbi qələbəsi mümkün ola bilməz. Buna görə də bu sahədə mühüm işlər görüldü, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr gerçəkləş-dirildi. Azərbaycan heç kimdən asılı olmayan qüdrətli dövlətə çevrildi. İqtisadiyyatdan əldə olunan vəsaitin böyük hissəsi bilavasitə ordu quruculuğuna yönəldildi. Ən müasir texnologiyalar ölkəyə gətirildi, Xüsusi Təyinatlı Qüvvələr formalaşdırıldı və yerli hərbi sənaye yaradıldı. Məhz bu güclü ordu 2020-ci ildə düşmənin 30 ilə qurduğu keçilməz sədləri 44 günə yerlə yeksan etdi.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev həm də diplomatiya sahəsində siyasi iradəsini və şərtlərini diktə etdi. Nüfuzlu təşkilatlarda Qarabağın Azərbaycanın tarixi torpağı olduğu həqiqətini hüquqi sənədlərlə beynəlxalq birliyə çatdırdı. Aparılan fundamental diplomatik siyasətin nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi başlayanda dünya birliyi Azərbaycanın öz ərazisində haqq savaşı apardığını qəbul etməyə məcbur oldu. Cənab İlham Əliyevin Baş nazirlikdən başlayan idarəçilik fəlsəfəsinin ana xəttini tək bir ali məqsəd - işğal altındakı torpaqların azad olunması təşkil edirdi. İllər boyu toplanan iqtisadi güc, müasir hərbi üstünlük və ən əsası milli ruhun yüksəlişi 2020-ci ilin payızında öz məntiqi nəticəsini verdi. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin 30 il boyunca qurduğu keçilməz sədləri yararaq tarixi Zəfərə imza atdı. Əvəzsiz hərbi strategiya və Şuşanın azad olunması əməliyyatı dünya hərb dərsliklərinə qızıl hərflərlə yazıldı. Qarabağ Zəfəri təkcə döyüş meydanında deyil, eyni zamanda gərgin diplomatik və informasiya müstəvisində qazanıldı. Müharibə günlərində Prezident İlham Əliyev dünyanın ən nüfuzlu media orqanlarına 30-dan çox müsahibə verərək psixoloji hücumları təkbaşına dəf etdi. Səlis xarici dili, dəmir kimi məntiqi və sarsılmaz faktları ilə qərəzli jurnalistləri susduran dövlətimizin başçısı Azərbaycanın haqq savaşını dünyaya çatdırdı. Diplomatik cəbhədəki dəqiq gedişlər beynəlxalq təzyiqlərin qarşısını aldı və hərbi qələbəmizin hüquqi zəminini sarsılmaz etdi. 2020-ci ilin Zəfəri böyük bir zirvə idi, lakin milli maraqlara xidmət edən proses yarımçıq qala bilməzdi. 2023-cü ilin sentyabrında keçirilən cəmi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi qətiyyətinin yeni bir zirvəsi oldu. Cəsarətli və zərgər dəqiqliyi ilə həyata keçirilən bu əməliyyat nəticəsində Qarabağdakı separatçı rejim təslim oldu, qanunsuz hərbi birləşmələr tərksilah edildi. Bununla da Azərbaycan özünün bütün suveren ərazilərində dövlət bayrağını ucaltdı. Xankəndidə, Xocalıda, Əsgəranda dalğalanan üçrəngli bayrağımız ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin mütləq təminatının rəmzinə çevrildi.
Yeri gəlmişkən, qeyd edək ki, bu gün Azərbaycan yalnız regional deyil, qlobal səviyyədə söz sahibi olan, geosiyasi proseslərə istiqamət verən aparıcı dövlətdir. Qoşulmama Hərəkatına uğurlu sədrlik, Türk Dövlətləri Təşkilatında aparıcı rol, BMT-nin COP29 kimi möhtəşəm qlobal tədbirlərinə evsahibliyi etməsi kimi nümunələr ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzunun bariz göstəricisidir. Prezident İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradılıb. Azərbaycan qlobal səviyyədə strateji enerji və nəqliyyat qovşağına çevrilib. İşğaldan azad edilmiş torpaqlarda dünyada analoqu olmayan sürətlə "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyaları ilə nəhəng bərpa-quruculuq işləri aparılır. "Böyük qayıdış" proqramı uğurla gerçəkləşdirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda 90 mindən çox insan təhsil alır, çalışır, yaşayır... Ölkəmiz regionda davamlı sülhün və sabitliyin əsas təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsipə əsaslanan sülh gündəliyi Cənubi Qafqazı ədavət məkanından əməkdaşlıq regionuna çevirməyi hədəfləyir. Azərbaycanın sülh təklifləri beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı və gələcək nəsillərin təhlükəsizliyi üzərində qurulub. Bu yanaşma Prezident İlham Əliyevin yalnız qalib lider deyil, həm də regional sülhün və tərəqqinin böyük memarı olduğunu sübut edir.
Ən əsası, 2003-cü il avqustun 4-dən başlanan bu şərəfli yol, sadəcə, bir siyasi liderin salnaməsi deyil. Bu, haqq uğrunda sarsılmaz mübarizə aparan, parçalanmış torpaqlarını bütövləşdirən bir xalqın dirçəliş dastanıdır. Baş nazir kimi başladığı tarixi missiyanı Müzəffər Ali Baş Komandanlıq zirvəsinə qaldıran Prezident İlham Əliyev 23 illik fəaliyyəti ilə Azərbaycanın adını qalib dövlətlər sırasına əbədi olaraq həkk etdi.

Anar Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью