Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Milli Məclisin plenar iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Yeni dəyişikliyə əsasən, torpaq sahəsinin planı və ölçüsü (plan-ölçü) sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas sayılacaq.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, qanun layihəsi “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı problemin tənzimlənməsini nəzərdə tutur. Bildirilib ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2006-cı il iyulun 6-dək vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr təqdim edib. Həmin tarixdən dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldıqda şəhadətnamələrin tərtibi dayandırılıb və əvəzində texniki xarakterli plan-ölçü sənədi verilib.
Plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd sayılmadığı üçün onun əsasında mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi mümkün olmayıb. Bu hal 2006-cı il iyulun 6-dək müraciət edə bilməyən vətəndaşlarla yanaşı, bələdiyyələr tərəfindən ayrılmış və 2006–2015-ci illərdə plan-ölçüsü hazırlanmış həyətyanı sahələrə də aid olub.
Qəbul edilən layihəyə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək olan dövrdə vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir.