Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
I MƏQALƏ
Separatçı qurumun buraxılması
Azərbaycan cəmiyyəti tarixi yaddaşının ən yeni səhifələrindən olan 19-20 sentyabr 2023-cü il antiterror tədbirlərinə tam haqlı olaraq bu günün reallıqlarından baxmaqda davam edir. Həmin hadisə zamanca qısa müddətdə baş versə də, təsiri və anlamı tarixidir. Antiterror tədbirləri yalnız hərbi əməliyyatın müddəti kimi deyil, həm də dərin siyasi, geosiyasi, ideya, müstəqil dövlət quruculuğunun mühüm mərhələlərindən biri olaraq yaddaşımızda möhkəmlənmişdir.
Həmin hadisənin məhz vurğulanan bağlılıqda təkrar dərki, rəmzləşdirilməsi, milli dəyərə çevrilməsi, ideya olaraq nəzəri-konseptual anlamı dövlətçilik şüurunun özünütəsdiqi baxımından çox əhəmiyyətlidir. Cəmiyyət özünün müstəqilliyi, dövlət suverenliyi və ərazi bütövlüyünü təmin etmiş toplum kimi antiterror tədbirlərini necə qavrayır?
Əlbəttə, yanaşmadan asılı olaraq cavablar müxtəlifdir. Biz burada Azərbaycan Prezidentinin ifadə etdiyi mühüm tezisə baxmağa üstünlük veririk. Dövlət başçısı 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi tarixi müsahibədə vurğulamışdır: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq, separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi. Bizdə olan məlumata görə, oradakı hərbi birləşmələrdə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, danışıqlar gedirdi və daha doğrusu, danışıqlar yox, bizim şərtlərimizi onlar sanki müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, o cümlədən separatist qurumun buraxılması və bütün digər şərtlər”.
Deməli, antiterror tədbirlərinin siyasi nəticəsi separatçı rejimin Azərbaycan ərazisində tam iflası olmalı idi. Bununla, ümumiyyətlə, müasir Azərbaycan Respublikasının ərazisinin bir qarışında belə növündən və kimliyindən asılı olmayaraq separatçı hərəkat, onun qondarma qurumu ola bilməz!
Bugünün reallıqlarından baxanda ölkə rəhbərinin 2024-cü ildə ermənilərlə və onların havadarları kontekstində səsləndirdiyi tezis, bütövlükdə, Azərbaycan lideri, dövləti və xalqının separatizmə qarşı yüksək iradəsinin dəqiq təcəssümüdür! Kimliyindən asılı olmayaraq hər kəs davranışına diqqət etsin: müstəqil Azərbaycanda separatçılıq uğurlu ola bilməz!
Prezidentin 2,5 il öncə ifadə etdiyi bu strateji mahiyyətli tezis, proses olaraq antiterror tədbirlərinin mahiyyətini dolğun ifadə edir. Azərbaycan cəmiyyətinin həmin hadisənin bu məzmunda tarixi yaddaşında möhkəmlənməsi xüsusi əhəmiyyətli mənəvi olaydır. Başqa məqamlarla yanaşı, həm də ona görə ki, separatçı qurumun buraxılmasının son nöqtəsini qoyan antiterror tədbirləri çox istiqamətlərdə faktiki yeni mərhələnin başlanğıcının əsasını yaratmışdır. Həmin kontekstdə Prezident İlham Əliyevin bir mühüm siyasi qiymətləndirməsi çox əhəmiyyətli və aktualdır.
“Biz təkcə müdafiə olunan ölkə deyilik”
Bir sıra xarici ölkənin, ilk olaraq Fransanın antiterror tədbirlərindən sonra, 2023-cü ilin dekabrında atdığı addımları xarakterizə edərək dövlət başçısı demişdir: “Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik”.
Bu, 2024-cü il yanvar ayının 10-da verilən müsahibədəndir. Ölkə rəhbəri Fransada Azərbaycan tarixi-mədəni abidələrinə qarşı törədilən vandalizmə reaksiya kimi həmin müddəanı işlətmişdir. Onun real hadisəvi anlamı ilə yanaşı, güclü siyasi və geosiyasi mənası vardır. Prezident İlham Əliyev konkret olaraq ifadə edir ki, kimsə Azərbaycana yalnız müdafiə olunan və özünə bəraət qazandıran ölkə kimi baxmasın. Çünki Azərbaycan artıq beynəlxalq təzyiqlər qarşısında yalnız diplomatik müdafiə mövqeyi tutan bir ölkə deyil. O, regional və qlobal miqyasda adekvat və hücumameyilli addımlar atmaq gücünə malikdir, o cümlədən Fransanın neokolonializm siyasətinin ifşası istiqamətində.
Faktlar göstərdi ki, Azərbaycan həqiqətən bunu yüksək səviyyədə bacarır. Ancaq bu məsələ, bütövlükdə, müstəqil bir dövlətin geosiyasi statusunun yeniləşməsi prosesinin mühüm əlamətlərindən biri anlamını verir. Konkret olaraq, ölkə rəhbəri Azərbaycanın orta güc kimi yeni nümunə yaratdığını ifadə etmişdir. Onu biz indi daha yaxşı dərk etməyə başlayırıq. Eyni zamanda, bu tezis antiterror tədbirlərinin yaratdığı geosiyasi yeniliklər kontekstində üzərində düşünülməli məqamı əks etdirir.
Buradan 19-20 sentyabr 2023-cü il antiteror tədbirləri ilə əlaqəli əhəmiyyətli bir qənaətə gələ bilərik.
Epoxal hadisə: yeni dövrün başlanğıcı
Əlbəttə, Azərbaycan Prezidentinin hər bir ümumiləşdirməsi konseptual əhəmiyyət daşıyır, üzərində düşünmək üçün dərin və əhatəli mənaya malik olur. Antiterror tədbirlərinin siyasi və geosiyasi qiymətləndirilməsi bu baxımdan vacib məqamdır. Dövlət başçısı demişdir: “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi”.
Belə alınır ki, biz antiterror tədbirlərinə bir mühüm epoxanın yekunu, yenisinin isə başlanğıcı kimi baxmalıyıq. Yekunlaşan epoxa “30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz”lə əlaqəlidir. Eyni zamanda, keyfiyyətcə yeni parametrlərə malik olan yeni dövrün başlanğıcıdır. Bu mənada, 2023-cü ilin sentyabr tədbirləri dövlətçiliyin möhkəmlənməsi kontekstində “yolların birləşib, yenidən istiqamətlənməsi” zamanıdır. Bu ciddi transformasiyanın əsas parametrlərini də dövlət başçısı müəyyən etmişdir. Onun bir neçə aspekti üzərində dayanmaq lazımdır.
Milli ideyanın inkişafı
Bir məqamı öncədən vurğulamaq istərdik. Azərbaycan Respublikasında milli ideya və ideologiyanın yaradıcısı ulu öndər Heydər ƏIiyev, onu inkişaf etdirən isə Prezident İlham Əliyevdir. Buna görə də həmin mövzular üzrə hər hansı təhlil və müzakirələr Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu kursu çərçivəsində aparılmalıdır.
Prezident İlham Əliyevin aşağıdakı fikirləri bu baxımdan müəyyənedici və istiqamətverici rol oynayır. Dövlət başçısı vurğuladığımız müsahibəsində bəyan etmişdir: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.
Biz irəlidə hansı səbəblərdən ölkə rəhbərinin məsələni məhz bu kontekstdə aktuallaşdırdığını izah etməyə çalışacağıq. İndi isə onu deyək ki, milli ideyanı müxtəlif sosial kəsimlərin müzakirəsinə çıxarmaq milli, demokratik, şəffaf və perspektivli yanaşma göstəricisidir. Bununla milli ideyanın yeni tarixi mərhələdə həm toplumsal inklüzivliyi təmin edilir, həm də onun əsas hədəfini lider-cəmiyyət həmrəyliyi çərçivəsində müəyyənləşdirmək imkanı yaranır.
Yeni hədəflər axtarışı
Prezident İlham Əliyev məsələnin bu tərəfinə də aydınlıq gətirmişdir. Dövlət başçısı problemi ümumi kontekstdə ifadə etmişdir. Prezident İlham Əliyev demişdir: “Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər”. Burada sentyabr tədbirlərinin yaratdığı bünövrə üzərində üç mühüm aspekt yığcam ifadə edilmişdir.
Birincisi, yeni dövrə köhnə hədəflərlə getmək olmaz.
İkincisi, yeni dövrün hədəfləri ayrıca müəyyən edilməlidir.
Üçüncüsü, tarixi uğurları illərlə istismar etmək faydalı deyildir, yəni nailiyyətlər nə qədər əhəmiyyətli olsa da, hər dönəmin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.
Burada ilk iki aspekt köhnədən yeniyə keçidin ümumi məntiqini ifadə edirsə, üçüncü xüsusiyyət cəmiyyətin bu prosesə münasibətinə aiddir. Bunun da olduqca ciddi əsasları mövcuddur. Onları dövlət başçısı lakonik ifadə etmişdir: “biz heç vaxt sakitləşməməliyik”, “cəmiyyətdə sakitləşmə olmamalıdır”!
Deməli, 2023-cü ildə bir epoxanı yekunlaşdıran 20 sentyabr tədbirləri ictimai şüurda böyük nailiyyət kimi statik məzmunda qalmamalıdır, əksinə yeni səviyyədə fəallığa səsləniş kimi dərk edilməlidir. Əlbəttə, tarixi olaraq o hadisə möhtəşəmdir, böyük zəfərdir, ancaq dövlət quruculuğu baxımından mərhələlərdən, dönüş nöqtələrindən biridir. Bu dinamikada dərk edilən sentyabr hadisəsi tarixi yaddaşın aktual fenomenlərindən biri kimi əhəmiyyətini qoruya bilər.
Məsələnin digər tərəfi dövlət başçısının məharətlə “Azərbaycan–Qalib dövlət” obrazını yaratması ilə bağlıdır. Faktlar göstərir ki, heç də hər bir qalib dövlət qələbədən sonra həmin obraza adekvat ola bilmir. Çünki ciddi qələbə əldə etmiş dövlətə kənardan daha həssas yanaşılır və qarşısına müxtəlif maneələr çıxarılır. Maraqlıdır ki, bununla yanaşı, hər bir qalib dövlətin daxilində inkişaf üçün risklər və ziddiyyətlər yarana bilər. Bu iki tendensiyanın qarşılıqlı əlaqədə təsiri isə ciddi problemlər yaradar. Ona görə də qalib dövlətin lideri incə və məharətli siyasəti ilə növbəti uğurlara apara bilən xətt müəyyən etməlidir. Bu kontekstdə Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru