Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fevralın 20-də keçirilən AMEA-nın Ümumi yığıncağında AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.
Akademik Arif Həşimov qeyd edib ki, Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından bir sıra nailiyyətlərlə müşayiət oltübitaunan 2024-cü il Azərbaycan elmi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası üçün də uğurlu olmuşdur.
Diqqətə çatdırıb ki, 2022-ci ilin sonlarından AMEA-da başlamış islahatyönümlü tədbirlər 2023-cü ildə olduğu kimi, 2024-cü ildə də ardıcıl və kompleks şəkildə davam etdirilib, nəticədə Akademiyanın strukturu əsaslı olaraq modernləşdirilib, elmin yeni prioritetləri dövlət siyasətinin strateji hədəfləri və dünya elminin çağırışları ilə uyğunlaşdırılıb, elmin dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində iştirakı əhəmiyyətli dərəcədə gücləndirilib, kadr potensialı mümkün qədər optimallaşdırılıb, beynəlxalq elmi əlaqələr genişləndirilib, Akademiyanın həm beynəlxalq səviyyədə, xüsusən Türk dünyasında, həm də respublikada nüfuzu xeyli yüksəlib.
“Bununla da Akademiyada islahatların ilkin mərhələsi özünün mühüm nəticələrini vermiş, keyfiyyətcə yeni idarəetmə və fəaliyyət sferasına keçmək üçün əlverişli zəmin yaranmışdır”, - deyə bildirən məruzəçi vurğulayıb ki, 2024-cü ildə AMEA-nın elmi müəssisə və təşkilatları Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, eləcə də ölkə iqtisadiyyatının, incəsənət və mədəniyyətinin, Azərbaycanın ədəbiyyatı, tarixi və dilinin araşdırılmasına, qorunub saxlanılmasına xidmət edən, sosial məsələləri əhatə edən 11 dövlət proqramının icrasında iştirak ediblər.
Akademik Arif Həşimov bildirib ki, 2024-cü ildə ölkə üzrə əldə edilmiş mühüm elmi nəticələr respublikanın bütün elm və ali təhsil müəssisələrindən toplanılıb, müvafiq bölmələrdə müzakirə edilib və AMEA-nın Ümumi yığıncağında müzakirə edilmək üçün sistemləşdirilərək hazırlanıb.
Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələri üzrə elmi müəssisələrdə 197 problemin 514 mövzusu əsasında 1787 elmi-tədqiqat işi aparılıb.
2024-cü ildə elmi müəssisələrdə çalışan alimlər tərəfindən 521 kitab və monoqrafiya, 118 dərslik, 3561-i xaricdə (bunlardan 1192-si Web of Science və Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda) olmaqla 9245 məqalə və tezis nəşr etdirilib.