2026 cı ildə bu fənlər tədris oluna bilər AÇIQLAMA

20.11.2025

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Beynəlxalq STEAM Azərbaycan Festivalında elan olunan yeni fənnin tədrisə daxil edilməsi addımı ölkəmizdə təhsilin modernləşdirilməsi baxımından mühüm təşəbbüsdür. Dünya təcrübəsi göstərir ki, qlobal əmək bazarında rəqabət artıq klassik biliklərlə deyil, çoxşaxəli düşünmə, analitik qabiliyyət və texnoloji savadlılıqla ölçülür”. 
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərəmov bildirib.
Ekspert deyib ki, bu baxımdan yeni fənlərin tədrisə gətirilməsi Azərbaycanda gələcək nəsillərin daha çevik və rəqabətə davamlı formalaşmasına şərait yarada bilər:
“Lakin yeni fənlərin tətbiqi yalnız əlavə yük yaratmamalı, mövcud proqramların modernləşdirilməsi ilə paralel aparılmalıdır. Bir çox ölkələrdə xüsusilə Finlandiya, Sinqapur və Cənubi Koreyada fənlər konseptual yanaşma əsasında bir-biri ilə inteqrasiya edilir, nəticədə şagirdlər nəzəriyyəni praktiki bacarıqlarla əlaqələndirə bilirlər. Azərbaycanda da yeni fənnin təsviri, məqsədləri və kompetensiyaları dəqiq müəyyənləşdirilməlidir ki, şagirdlər üçün real fayda yaratsın. 
Qarabağ Universitetində bu istiqamət üzrə ayrıca ixtisasın yaradılması həm regionun akademik potensialını artıracaq, həm də ölkə üzrə müəllim çatışmazlığının qarşısını almağa kömək edəcək”. 
Ekspert qeyd edib ki, yeni fənlərin tədrisi üçün müəllim hazırlığı xüsusi mərhələ kimi qurulmalı, praktiki təlimlərə üstünlük verilməlidir:
“Əgər bu addımlar ardıcıl şəkildə həyata keçirilərsə, Azərbaycan təhsil sistemi qlobal innovasiya tendensiyalarına daha asan adaptasiya ola bilər. 
Yeni fənlərin tədrisi ehtiyacdan doğan bir prosesdir və bu, düzgün həyata keçirildiyi təqdirdə ölkənin intellektual potensialının güclənməsinə ciddi töhfə verəcək. Yeni fənn ehtimal ki, kodlaşdırma, robototexnika, rəqəmsal dizayn və layihə əsaslı fəaliyyətlər daxil ola bilər”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью