Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
İstifadəçilərin kibertəhlükəsizliklə bağlı xəbərdarlıqlara baxmayaraq, sadə parollardan istifadə etməsi davam edir. NordPass-ın 2026-cı il araşdırmasına əsasən, dünyada ən çox istifadə edilən parol yenə də “123456” olub.
NordPass və NordLayer Intelligence tərəfindən kibertəhlükəsizlik üzrə müstəqil ekspertlərin dəstəyi ilə aparılan tədqiqat 44 ölkəni əhatə edib. Araşdırma çərçivəsində 2025-ci ilin sentyabrından 2026-cı ilin sentyabrınadək açıq məlumat sızmaları və qaranlıq şəbəkədəki məlumat bazaları təhlil edilib.
Hesabata görə, NordPass-ın reytinqinin səkkiz buraxılışından yeddisində “123456” ən populyar parol olub. Bu il də ilk üçlük dəyişməyib:
“123456”
“admin”
“12345678”
Bundan əlavə, “1234” ilk dəfə ən çox istifadə edilən beş parol sırasına daxil olub. “password” isə yeddinci yerə geriləyib.
Araşdırma parol seçimlərinə populyar mədəniyyətin də təsir etdiyini göstərir. İdmançıların, musiqiçilərin, video oyunların, anime və sosial media platformalarının adları istifadəçilərin parollarında tez-tez rast gəlinir. Məsələn, “Lebron0319”, “Savage20”, “roblox.com1” və “skibiditoilet” kimi kombinasiyalar qeydə alınıb.
COVID-19 pandemiyası da bu tendensiyaya təsir göstərib. Belə ki, “Covid@19”, “Covid-19” və “corona2020” kimi parollar geniş yayılıb. Tədqiqatda 2020-ci ilin fevral-oktyabr ayları arasında parol istifadəçilərinin orta sayının 25% artdığı da qeyd olunur.
NordPass mütəxəssisləri hesabların təhlükəsizliyini artırmaq üçün ən azı 15 simvoldan ibarət, böyük və kiçik hərflər, rəqəmlər və xüsusi işarələr ehtiva edən mürəkkəb parollardan istifadə etməyi tövsiyə edirlər.
Bundan başqa, hər hesab üçün fərqli parol seçilməsi və çoxfaktorlu autentifikasiyanın aktivləşdirilməsi məsləhət görülür.