Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Qəbul imtahanlarına sayılı aylar qaldıqca abituriyentlər və valideynlər arasında ən çox müzakirə olunan məsələlərdən biri də sualların çətinlik səviyyəsi ilə bağlıdır. Hər il olduğu kimi bu il də “imtahanlar asan olacaq, yoxsa çətin?” sualı gündəmdədir.
2026-cı ildə keçiriləcək qəbul imtahanları ilə bağlı gözləntiləri təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a şərh edib.
Ekspert bildirib ki, 2026-cı ildə keçiriləcək istər blok, istərsə də qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulmur.
Onun sözlərinə görə, mövcud imtahan modeli 2019-cu ildən bəri dəyişmədiyi üçün abituriyentlər artıq bu sistemə tam uyğunlaşıblar:
“İmtahan modelində dəyişiklik olmadığı üçün ötən illərlə müqayisədə bu il daha yaxşı nəticələrin formalaşacağını düşünürəm. Faktiki olaraq abituriyentlər 6-7 ildən çoxdur ki, eyni imtahan sisteminə uyğun hazırlaşırlar. Bu da onların imtahanlarda daha uğurlu olmalarına şərait yaradır”.
Ekspert qeyd edib ki, sualların asan və ya çətin olması birbaşa abituriyentlərin hazırlıq səviyyəsindən asılıdır:
“İmtahan mövzuları Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən elan olunub və proqramdan kənar heç bir sual salınmır. Suallar sadə, orta və çətin səviyyələr üzrə tərtib olunur. Abituriyentlər mövzulara nə qədər yaxşı bələddirsə, bir o qədər sualları rahat cavablandıra bilərlər”.
Elçin Əfəndinin fikrincə, imtahanların çətin görünməsi əsasən qeyri-ciddi hazırlıqla bağlı olur:
“Hazırkı vəziyyət onu göstərir ki, abituriyentlərin əksəriyyəti imtahana hazırlıqlıdır. Ona görə də sualları işləməkdə çətinlik çəkməyəcəklər. Ümid edirəm ki, bu il nəticələr daha yaxşı olacaq”.
Aynurə İsmayıl
KONKRET.az
