Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropada bu il müşahidə olunan güclü istilər, quraqlıq, meşə yanğınları və fırtınalar nəqliyyat, enerji və su təchizatı sistemlərinin fəaliyyətini pozub. Bu hadisələr Avropa İqlim Risklərinin Qiymətləndirilməsi (EUCRA) sənədində iki il əvvəl müəyyən edilmiş təhlükələrin artıq reallığa çevrildiyini göstərir. EEA-nın dərc etdiyi yeni analitik materialda 2026-cı ilin təcrübəsi əsasında Avropanın kritik infrastrukturunun iqlim dəyişikliklərinə necə uyğunlaşdırılmalı olduğu araşdırılır.
Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, iqlim dəyişikliyinin gücləndirdiyi ekstremal istilər 2026-cı ildə Avropa İttifaqının ÜDM-nə azı 1 faiz həcmində zərər vurub. Quraqlıq, meşə yanğınları və fırtınalar da nəqliyyat, enerji və su təchizatı sistemlərinə ciddi təsir göstərib.
Məsələn, Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi yükdaşımaları və təchizat zəncirlərində fasilələrə səbəb olub. Portuqaliyada fırtınalar avtomobil və dəmir yollarına, eləcə də elektrik şəbəkələrinə ziyan vurub. Mərkəzi və Şərqi Avropada isə quraqlıq və istilər elektrik enerjisi istehsalını çətinləşdirib.
EEA-nın qiymətləndirməsinə əsasən, bu təsirlər ayrı-ayrı sahələrlə məhdudlaşmır, bir sektorda yaranan problem digər sahələrə də ötürülür. Məsələn, quraqlıq su ehtiyatlarını azaldaraq kənd təsərrüfatına, sənayeyə, elektrik stansiyalarına və çay nəqliyyatına eyni vaxtda təsir edə bilər.
Avropada quraqlıqla bağlı iqtisadi itkilərin təxminən 23 faizi enerji sektorunun payına düşür. Bu, ildə təxminən 2 milyard avro deməkdir. EEA materialında iqlim risklərinə qarşı daha dayanıqlı infrastrukturun qurulması üçün altı əsas istiqamət göstərilir:
1. İnfrastruktur gələcək iqlim şəraiti nəzərə alınmaqla layihələndirilməli və saxlanılmalıdır.
2. Risklər ayrı-ayrı obyektlər üzrə deyil, bütöv sistemlər, təchizat zəncirləri və sərhədlərarası əlaqələr nəzərə alınmaqla qiymətləndirilməlidir.
3. İnfrastrukturun zəif tərəflərini müəyyən etmək üçün mütəmadi stress-testlər aparılmalıdır.
4. Fövqəladə hallarda alternativ marşrutlar, ehtiyat sistemlər və erkən xəbərdarlıq mexanizmləri hazırlanmalıdır.
5. İnfrastruktur sahibləri, dövlət qurumları və fövqəladə xidmətlər arasında koordinasiya gücləndirilməlidir.
6. Qısamüddətli tədbirlərlə yanaşı, uzunmüddətli iqlimə uyğunlaşma planları da həyata keçirilməlidir.
EEA vurğulayır ki, Avropanın iqlim dəyişikliklərinə davamlılığı yalnız zədələnmiş infrastrukturu bərpa etməklə təmin edilə bilməz. Bunun üçün riskləri əvvəlcədən müəyyənləşdirmək və bütün sistemləri gələcək iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir.
Lalə Mehralı