2027 ci ildə dövlət qurumlarına qəbul belə olacaq SİYAHI

19.11.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət qulluğu imtahanlarında fənn və sual bölgüsünün dəyişdirilməsindən sonra 2027-ci ildə digər dövlət qurumlarına qəbul imtahanlarının proqramı da diqqət mərkəzinə gəlib.

Modern.az-ın əldə etdiyi məlumata görə, yeni modelə əsasən, dövlət qulluğu imtahanlarında Azərbaycan dili və informatika fənləri ləğv edilərək onların əvəzinə emosional intellekt üzrə suallar əlavə olunub.

2027-ci ildə müxtəlif dövlət qurumlarına qəbul imtahanlarında nəzərdə tutulan fənlər və sual bölgüsü isə aşağıdakı kimidir:

Dövlət qulluğu

Yeni model üzrə namizədlərə ümumilikdə 100 sual təqdim olunacaq. Onlardan 50-si qanunvericilik, 30-u məntiq, 20-si isə emosional intellekt üzrə olacaq.

Dövlət Miqrasiya Xidməti

İmtahan 100 sualdan ibarət olacaq. Sualların 50-si qanunvericilik, 20-si məntiq, 15-i dünyagörüşü, 15-i isə emosional intellekt üzrə müəyyənləşdirilib. Bu bölgü 2026-cı ildə keçirilən imtahandan sonrakı imtahana aiddir.

Ədliyyə Nazirliyi

Ümumi qəbul imtahanında namizədlərə 100 sual veriləcək. Onlardan 80-i qanunvericilik, 20-si məntiq üzrə olacaq. Xüsusi İcra Məmurları (XİM) və Xidmət Daxili Məmur (XDM) istiqamətləri üzrə imtahanlarda isə dünyagörüşü sualları da nəzərdə tutulur.

Prokurorluq orqanları

Test imtahanı 100 sualdan ibarət olacaq. Sualların 80-i qanunvericilik, 20-si məntiq üzrə olacaq.

Hakimlik

Hakim vəzifəsinə qəbul imtahanında namizədlər 100 sualı cavablandıracaqlar. Onlardan 95-i qapalı, 5-i açıq tipli olacaq. Sual bölgüsünə əsasən, 90 sual qanunvericilik, 10 sual isə məntiq üzrə müəyyənləşdirilib.

Vəkillər Kollegiyası

İxtisas imtahanı 100 sualdan ibarət olacaq. Bütün suallar qanunvericilik sahəsini əhatə edəcək.

Dövlət Gömrük Komitəsi

Qəbul imtahanında namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Suallar qanunvericilik, məntiq və dünyagörüşü istiqamətlərini əhatə edəcək.

Dövlət Vergi Xidməti

Test mərhələsində 100 sual təqdim olunacaq. Namizədlərin qanunvericilik, dünyagörüşü və məntiq üzrə bilikləri yoxlanılacaq. Məntiq bloku rəqəmsal və verbal məlumatların təhlili, abstrakt və məntiqi düşünmə istiqamətlərini əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Qəbul imtahanında ümumilikdə 50 sual təqdim olunacaq. Suallar qanunvericilik, dünyagörüşü və məntiq üzrə olacaq.

Xarici İşlər Nazirliyi

Qəbul imtahanı iki mərhələdə təşkil ediləcək. Birinci mərhələdə qanunvericilik, dünyagörüşü və məntiq üzrə biliklər yoxlanılacaq.

İkinci mərhələdə isə namizədlərin xarici dil bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə dinləyib-anlama üzrə 10, oxuyub-anlama üzrə 20 sual təqdim olunacaq. Həmçinin yazı (esse) və danışıq bacarıqları yoxlanılacaq.

IELTS imtahanından 7.0 və daha yüksək bal toplayan namizədlər ikinci mərhələdən azad ediləcəklər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Qurum üzrə növbəti qəbul imtahanının fənləri və sual sayı hələlik dəqiq açıqlanmayıb.

Qeyd edək ki, bu yaxınlarda keçirilən test imtahanında namizədlərə 100 qapalı tipli sual təqdim olunmuşdu. Onlardan 40-ı qanunvericilik, 10-u Azərbaycan dili, 20-si informatika, 15-i Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 15-i isə məntiqi təfəkkürün müəyyən edilməsi üzrə idi.

Qeyd edək ki, növbəti illərdə vakant vəzifələr üzrə keçiriləcək müsabiqələrin tarixləri və qeydiyyat şərtləri barədə məlumatlar müvafiq dövlət qurumlarının rəsmi internet səhifələrində elan olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью