Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Gündəlik xərclərin artdığı bir vaxtda pensiyaların gələn il hansı səviyyədə artacağı diqqət çəkən məsələlərdəndir. Gözləntilər hansı yöndədir? Gələn il pensiyalar nə qədər artacaq?
İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, 2027-ci ildə əmək pensiyalarının indeksləşdirilməsi səviyyəsi və ya artım faizi ilə bağlı artıq müəyyən proqnozlar vermək mümkündür: "Mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi əvvəlki il ərzində orta aylıq əməkhaqqının artım tempi nəzərə alınmaqla həyata keçirilir.bu baxımdan, 2026-cı ilin ilk 9 ayının nəticələrinə əsasən, orta aylıq əməkhaqqı təxminən 7,2% artıb. Növbəti aylarda bu göstəriciyə ciddi təsir edə biləcək amillərin gözlənilmədiyini nəzərə alsaq, 2027-ci il yanvarın 1-dən əmək pensiyalarının təxminən 7% indeksləşdiriləcəyi ehtimal olunur.
Təbii ki, bu prosesdə yeni meyarlar da nəzərə alınmalıdır. Belə ki, yeni qaydalara əsasən, əmək pensiyalarının indeksləşdirilməsi faizi artıq diferensial şərtlər əsasında formalaşdırılacaq".
İqtisadçının sözlərinə görə, bununla belə, pensiyaçıların əhəmiyyətli hissəsi üçün təxminən 7-8% artım gözlənilir: "Bu isə hər 100 manat pensiyaya 7-8 manat əlavə olunması deməkdir.
Bununla yanaşı, minimum pensiya məbləğinin də təxminən 10% artırılması ilə bağlı qərar qəbul edilə bilər. Bu halda hazırda 320 manat olan minimum pensiya 350 manata çatdırıla bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!