Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
2027-ci ildə sosial müdafiə və sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4,9 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, son beş ildə sosial müdafiə xərcləri 4,4 milyard manat və ya 30,6 faiz artıb. Gələn il üçün nəzərdə tutulan vəsait 2025-ci ilin icra göstəricisindən 360 milyon manat çoxdur.
Onun sözlərinə görə, 2027-ci ildə icmal büdcənin sosial müdafiə və sosial təminat xərcləri 12,9 milyard manat təşkil edəcək. Bu, 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,2 milyard manat və ya 21 faiz çoxdur.
Sahil Babayev qeyd edib ki, gələn il səhiyyə xərcləri üçün dövlət büdcəsindən 2,1 milyard manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ilin icra göstəricisindən 409 milyon manat çoxdur.
Nazir əlavə edib ki, 2027-ci ildə icmal büdcənin səhiyyə xərcləri 4 milyard manat olacaq. Bu da 2025-ci illə müqayisədə 1 milyard manat və ya 36 faiz artım deməkdir.
O vurğulayıb ki, sosial müdafiə və səhiyyə xərclərinin əhəmiyyətli hissəsi icmal büdcənin tərkibinə daxil olan Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fondu vasitəsilə maliyyələşdirilir.
Zeynəb Rzayeva