Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda regionların maliyyələşməsi ilə bağlı yeni mərhələyə keçid gözlənilir. 2027-ci ildən etibarən ölkənin bütün rayonlarının öz gəlirləri hesabına xərclərini tam qarşılaması proqnozlaşdırılır.
Gələn il ilk dəfə olaraq dövlət büdcəsindən dotasiya alan rayonun qalmayacağı gözlənilir.
Maliyyə naziri Sahil Babayev bu proqnozu qeyri-neft gəlirlərinin artması və iqtisadiyyatın diversifikasiyası ilə əlaqələndirib. O, bu barədə 2027-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı danışıb.
Rayonların dotasiya almaması Bakıya köçü artıra bilərmi? Yerli büdcələrin özünümaliyyələşdirməyə keçməsi regionlarda sosial və iqtisadi vəziyyətə necə təsir göstərəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən aydın və əsaslandırılmış izah verilməlidir:
“Rayonların özünü maliyyələşdirməsi anlayışının konkret olaraq nəyi ifadə etdiyi hələlik tam aydın deyil. Azərbaycanda vergi sistemi mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir və rayonlar vergiləri müstəqil şəkildə toplamırlar. Belə olan halda rayonlar hansı mənbələr hesabına gəlir əldə edəcək, özlərini necə maliyyələşdirəcəklər? Hələlik bununla bağlı konkret mexanizmlər açıqlanmayıb.
Məsələn, hər hansı rayonun ərazisində körpü tikintisi aparılırsa və bu tikinti mərkəzi büdcədən ayrılan vəsait hesabına həyata keçirilirsə, bunu həmin rayonun özünümaliyyələşdirməsi kimi qiymətləndirmək olmaz. Eyni zamanda, rayonlarda çalışan həkimlərin, müəllimlərin, polislərin, məhkəmə əməkdaşlarının, yanğınsöndürənlərin və digər sahələrdə çalışanların əməkhaqları birbaşa dövlət büdcəsindən ödənilirsə, bu da özünümaliyyələşdirmə deyil”.
O qeyd edib ki, bu baxımdan, məsələ ilə bağlı çoxsaylı suallar yaranır:
“Güman ki, yaxın vaxtlarda Nazirlər Kabineti bu barədə ətraflı izahat verəcək. Həmin izahatda bütün bu məsələlər öz əksini tapmalı, rayonların hansı gəlir mənbələri hesabına maliyyələşəcəyi, hansı xərcləri öz hesablarına qarşılayacağı və özünü maliyyələşdirmə mexanizminin konkret olaraq necə işləyəcəyi aydın şəkildə izah olunmalıdır”.
Gülər
“Cebheinfo.az”
Açar sözlər: köç Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin