Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni beynəlxalq araşdırmaya görə, mövcud tendensiyalar dəyişməzsə, 2050-ci ildə dünyada uşaqlıq boynu xərçənginin illik yeni hallarının sayı 1,08 milyona, ölüm göstəricisi isə 522 minə çata bilər. Alimlər əsas çıxış yolunu HPV peyvəndinin, müayinələrin və vaxtında müalicənin genişləndirilməsində görürlər.
Uşaqlıq boynu xərçəngi müasir tibbin qarşısını almaq imkanına malik olduğu xəstəliklərdən biri hesab edilir. Buna baxmayaraq, dünyada minlərlə qadının həyatına son qoyan bu xəstəlik qlobal səhiyyə sistemləri üçün ciddi problem olaraq qalır. Yeni beynəlxalq araşdırma göstərir ki, profilaktika və erkən diaqnostika imkanları mövcud olsa da, onların bütün ölkələrdə əlçatan olmaması gələcəkdə xəstəlik yükünün artmasına səbəb ola bilər.
Nature Medicine jurnalında 2 noyabr 2026-cı ildə dərc olunan tədqiqat 204 ölkə və ərazidə 1990–2023-cü illər üzrə xəstələnmə, ölüm və sağlamlıq itkisi göstəricilərini əhatə edir. Alimlər mövcud məlumatlar əsasında 2050-ci ilədək mümkün dəyişiklikləri də modelləşdiriblər.
Tədqiqatın nəticələrinə görə, 2023-cü ildə dünyada təxminən 887 min yeni uşaqlıq boynu xərçəngi halı qeydə alınıb, xəstəlik 369 min insanın ölümünə səbəb olub. Proqnozlara əsasən, mövcud tendensiyalar davam edərsə, 2050-ci ildə illik yeni halların sayı 1,08 milyona, ölüm hallarının sayı isə 522 minə yüksələ bilər. Bu, müvafiq olaraq, 2024-cü ilin göstəriciləri ilə müqayisədə 20,2 və 39,3 faizlik artım deməkdir.
Araşdırmada regionlar arasında ciddi fərqlər də müəyyən edilib. Ən böyük artımın Saxaradan cənubda yerləşən Afrika ölkələrində gözlənildiyi bildirilir. Bu ərazidə yeni xəstəlik hallarının 88,7 faiz, ölüm göstəricisinin isə 95,4 faiz artacağı proqnozlaşdırılır. Alimlər bunu əsasən profilaktik xidmətlərə, erkən müayinəyə və müalicəyə çıxış imkanlarının məhdudluğu ilə əlaqələndirirlər.
Uşaqlıq boynu xərçənginin əsas səbəblərindən biri insan papilloma virusunun (HPV) bəzi yüksək riskli növləri ilə uzunmüddətli yoluxmadır. Bununla belə, HPV infeksiyasının olması mütləq xərçəng yaranacağı demək deyil. Xəstəliyin qarşısının alınmasında HPV-yə qarşı peyvənd, müntəzəm skrininq və aşkar edilən hüceyrə dəyişikliklərinin vaxtında müalicəsi mühüm rol oynayır.
Ümumdünya Səhiyyə Təşkilatı uşaqlıq boynu xərçənginin ictimai səhiyyə problemi kimi aradan qaldırılması üçün hər 100 min qadına düşən yeni xəstəlik hallarının dörddən aşağı salınmasını hədəf müəyyən edib. Lakin yeni proqnoza əsasən, mövcud tendensiyalar dəyişməzsə, araşdırmada qiymətləndirilən yeddi böyük regiondan heç biri 2050-ci ilədək bu göstəriciyə çatmaya bilər. Azərbaycan üçün də bu araşdırmanın nəticələri qadın sağlamlığının qorunması, profilaktik müayinələrin təşviqi və HPV peyvəndi barədə məlumatlılığın artırılmasının əhəmiyyətini gündəmə gətirir.
Lalə Mehralı