“21 ci əsrdə adam yol dərdinə görə canından olar?” Bəxti açılmayan küçə+Video

11.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunun Masazır qəsəbəsi, Dədə Qorqud küçəsinin sakinləri yolun bərbad vəziyyətdə olmasından şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən sakinlərin bildirdiyinə görə, əsas yoldan küçənin Laçın rayonu Bozlu kənd 11 saylı məcburi köçkün məktəbinə qədər olan hissəsinə asfalt örtüyü çəkilib.

Lakin məktəbdən küçənin sonunadək olan hissəsi tamamilə baxımsız vəziyyətdə qalıb.

Xüsusən yağışlı havalarda keçilməz palçıq və gölməçələrə bürünən yol həm piyadaların, həm də sürücülərin hərəkətini xeyli müşkülə salır.

Məktəbə gedən şagirdlər hər gün bu çətinliklə üz-üzə qalırlar.

Küçə sakinlərindən 76 yaşlı Safurə H. qeyd edir ki, ötən il yağan aramsız yağışlar ərəfəsində həyat yoldaşı sürüşərək ciddi xəsarətlər alıb. Bundan sonra 77 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb:

“Axı 21-ci əsrdir. İlin günün bu vaxtı adam yol dərdinə görə canından olar? Deyiləsi dərd deyil”.

Başqa bir sakin qeyd edir ki, dəfələrlə taksi sürücüləri onu yolun yarısında düşürüb:

“Neçə dəfə olub ki, sifariş taksilərlə gəlmişəm. Evim küçənin sonundadır. Taksi yolu görüb məni yarıyolda düşürüb. Tək mən deyiləm. Bütün qonşular mənim vəziyyətimədir. Dəfələrlə yığılıb “şebel” tökdürmüşük. Dolanışığı güclə yola veririk. Asfaltı da özümüz çəkək?”

Vətəndaşlar bildirib ki, problemlə bağlı 2024-cü ildə Masazır bələdiyyəsinə müraciət ünvanlayıblar.

Həmin vaxt onlara vəd verilib ki, 2025-ci ildə ayrılan illik büdcə ilə küçənin yol problemi aradan qaldırılacaq. Ötən il ərzində qonşu küçələrdə asfaltlama işləri aparılıb. Lakin iki il keçməsinə baxmayaraq, Dədə Qorqud küçəsinin dərdinə hələ də çarə tapılmayıb. 

Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, Masazır kəndində cari ilin sonuna qədər 29100 kvadratmetr əraziyə, yəni Bəhruz Kəngərli, Yusif Məmmədəliyev, Cəlil Məmmədquluzadə, Murtuza Muxtarov, Seyid Əzim Şirvanı və Ziya Bünyadov küçələrində asfalt örtüyü yenilənəcək.

“Küçələrin asfaltlanması məthələlərlə davam etdirilir. Sözügedən küçənin də gələn il üçün abadlaşdırılması nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilib.

Bəsti Məmməd



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью