Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, cəmiyyətin maariflənməsinə, milli ideologiyanın formalaşmasına və dövlət quruculuğu prosesinə əhəmiyyətli töhfələr verən bir institut kimi tarixən öz yerini tutmuşdur.
22 iyul tarixi isə bu sahənin əsasını qoyan gün kimi xüsusi əhəmiyyətə malikdir.
Hər il 22 İyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Bu tarixin seçilməsi heç də təsadüfi deyil – 1875-ci ilin məhz bu günündə böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmış və bununla da Azərbaycan milli mətbuatının təməli qoyulmuşdur.
XIX əsrin ikinci yarısında Zaqafqaziya bölgəsində baş verən ictimai-siyasi və mədəni proseslər, maarifçilik ideyalarının yayılması Azərbaycanda da maarifçi ziyalıların formalaşmasına şərait yaratmışdı.
Bu dövrdə milli şüurun oyanması, xalqın savadlanması və milli kimliyin qorunub saxlanması üçün kütləvi informasiya vasitələrinin – ilk növbədə qəzetlərin – əhəmiyyəti getdikcə artırdı.
Bu baxımdan, 22 iyul 1875-ci ildə işıq üzü görən "Əkinçi" qəzeti Azərbaycanın milli oyanış hərəkatında yeni bir mərhələnin başlanğıcı oldu.