23 il, 4500 dən çox itki, 31 mindən çox yaralı...

02.10.2026

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

ABŞ qoşunları İraqdan çıxdı

Amerika Birləşmiş Ştatları və müttəfiqləri İraqda “Sarsılmaz Qətiyyət” əməliyyatını rəsmən başa çatdırıblar. Müvafiq bəyanatı Pentaqonun mətbuat katibi Şon Parnell yayıb. Əməliyyat 2014-cü ildə “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə əsasında başladılmışdı. “Koalisiya qüvvələrinin və texnikasının Ərbil aviabazasından nizamlı şəkildə çıxarılması, İraqda İŞİD-in  məğlub edildiyi hərbi missiyanın uğurla başa çatdığını göstərir”, - deyə Parnell bildirib.

Rəsmi qeyd edib ki, əməliyyat ABŞ və İraqın 2024-cü ilin sentyabrında birgə bəyanatına uyğun olaraq və Amerikanın milli maraqlarını təmin etmək üçün” başa çatdırılıb. Onun sözlərinə görə, Pentaqon İraq təhlükəsizlik qüvvələrinin, o cümlədən İraq Kürdüstanının indi ölkənin təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayacağına və terror qruplaşmasının qalıqlarının da zərərsizləşdiriləcəyinə inanır. Pentaqonun sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar kadr hazırlığı və kəşfiyyat məlumatlarının mübadiləsi yolu ilə yardımlarını davam etdirəcək.

2024-cü ildə əldə olunan razılığa görə...

Qeyd edək ki, ABŞ qoşunlarının İraqdan çıxarılması mühüm bir dövrün başa çatması kimi dəyərləndirilir. Xatırladaq ki, Amerika qoşunları 2003-cü ildən İraqdadır. 2007-ci ildə antiterror əməliyyatlarının zirvəsində onların sayı 170 min nəfəri ötmüşdü, bundan sonra 2011-ci ildə minimuma endirildi. 2014-cü ildə İŞİD terrorçularıyla mübarizə üçün kontingent yenidən artırıldı. 2021-ci ildə, terrorçuların zəbt etdiyi ərazilər tam azad edildiyi tarixdə İraqda 2,5 min ABŞ hərbi qulluqçusu var idi.

Koalisiya qoşunları 2014-cü ildə geniş əraziləri ələ keçirən, qırğınlar törədən və minlərlə qadın və uşağı kölə edən İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraq və Suriyaya yerləşdirilib. Qruplaşma 2017-ci ildə İraqda və 2019-cu ildə Suriyada məğlub oldu, lakin koalisiya qüvvələri onun səpələnmiş qalıqları ilə mübarizə aparmaq üçün bölgədə qaldı.

2024-cü ildə ABŞ və İraq Amerika qoşunlarının mərhələli şəkildə çıxarılmasına dair razılığa gəliblər. 2026-cı ilin iyulunda ABŞ prezidenti Donald Tramp İraqdakı Amerika qoşunlarına “artıq ehtiyac olmadığını” bildirib.

Tramp: Biz hər şeyi özümüzlə apardıq...

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika qoşunları İraqı tərk edərkən öz əmlaklarından heç nə qoymayıblar və xidmət etdikləri ərazilərdən şərəf və ləyaqətlə ayrılıblar. Ağ Evdə keçirilən mətbuat konfransında Tramp jurnalistlərin Yaxın Şərqdəki vəziyyətlə bağlı suallarını cavablandırarkən ABŞ-ın İraqdakı mövcudluğunun əvvəldən səhv olduğunu təkrarlayaraq geri çəkilməni Əfqanıstandan geri çəkilmə ilə müqayisə edib. “Biz hər şeyi özümüzlə apardıq. Hər proqram, hər vint, hər tank, hər təyyarə. Sizə şərəf və ləyaqətlə getdiyimiz barədə danışmaqdan şərəf duyuram. Hətta İraqın Baş naziri  belə bizə böyük hörmətlə yanaşır və hər şeyə görə minnətdardır”, - deyə Tramp əlavə edib.

O, köməyə ehtiyac olarsa, ABŞ-ın İraqa qayıda biləcəyini qeyd edərək, Amerika qüvvələrinin 23 ildən sonra ölkədən çıxarılmasını “böyük hadisə” adlandırıb. Trampın sözlərinə görə, ABŞ İraqda “4500 nəfər” itirib, lakin əldə edilən nəticələr bu itkiləri doğrultmayıb. Tramp vurğulayıb ki, Amerikanın İraqdakı mövcudluğunun yeganə məqsədi İŞİD terror təşkilatını tamamilə məhv etmək olub. O, bu məqsədə ilk müddətdəcə nail olunduğunu deiyb. Bundan əlavə, Tramp bildirib ki, İŞİD İraqda peyda olmazdan əvvəl çoxsaylı hərbçilər və polis işçiləri işdən çıxarılıb və bu da təhlükəsizlik boşluğu yaradıb.

O, İraq müharibəsinin 2003-cü ildə keçmiş Prezident Corc Buşun dövründə başladığını, daha sonra Barak Obama və Co Baydenin prezidentliyi dövründə davam etdiyini bildirib: “Onların dediyi kimi, əməliyyat 2026-cı ildə Prezident Donald Trampın dövründə başa çatır”.

Tramp bunun həm İraq, həm də İŞİD-ə qarşı mübarizə baxımından qələbə olduğunu bildirib. O, terror təşkilatının tamamilə məhv edildiyini söyləyib.

Tramp İraq müharibəsinin ABŞ üçün ağır itkilərlə nəticələndiyini vurğulayıb: “Biz 23 il İraqda olduq, 4500-dən çox Amerika əsgərini itirdik və 31 mindən çox yaralı var idi”.

Silahlar təhvil verilmir...

Qərb siyasi analitikləri ABŞ-ın İraqdan tam çıxmasının yarada biləcəyi hallarla bağlı birmənalı düşünmürlər. Bildirilir ki, bu proses İranın İraqdakı siyasi və təhlükəsizlik təsirinin genişlənməsi üçün müəyyən imkanlar yarada bilər. Tehran uzun illər ərzində İraqda siyasi partiyalar, iqtisadi əlaqələr və xüsusilə İranla yaxın münasibətdə olan silahlı qruplar vasitəsilə təsir imkanları formalaşdırıb. ABŞ qüvvələrinin mövcudluğu isə həmin təsirə qarşı mühüm balans amili idi. Onların düşüncəsinə görə, ABŞ-ın İraqdan çıxışı İran və onun müttəfiqlərinə daha geniş manevr sahəsi yarada bilər. Bu düşüncə də təsadüfi deyil, bəzi iraqlılar sentyabrın 30-da ABŞ qoşunlarının İraqdan çıxarılması münasibətilə keçirilən mitinqdə öldürülmüş İran lideri Əli Xamenei və Hizbullah lideri Həsən Nəsrullahın portretlərini daşıyıblar.

Bununla belə, İraq hakimiyyəti ABŞ-ın çəkilməsindən özü üçün siyasi dividend kimi istifadə etməyə çalışır. Hökumət ümid edir ki, koalisiya qüvvələrinin geri çəkilməsi İran tərəfindən dəstəklənən qrupların bəhanələrini əllərindən alacaq. ABŞ qoşunların geri çəkilməsini başa vurduğunu elan etdikdən bir neçə saat sonra bu qrupların tərəfdarları bayram etmək üçün bayraqla meydanda toplaşıblar. Orada dronların replikaları ilə bəzədilmiş səhnədən mərasim çıxışları ediblər. Tədbirdə çıxış edən Kataib Hizbullahın hərbi qanadının sözçüsü bildirib ki, bu qruplar silahlara nəzarətlə bağlı danışıqlar aparıblar, lakin hələlik İraq hökumətindən cavab almayıblar. O əlavə edib ki, onlar silahlarının təhvil verilməsi ilə bağlı heç bir öhdəlik götürməyiblər və “ABŞ və ya sionistlər tərəfindən İraq suverenliyinin hər hansı bir pozulmasına birbaşa cavab vermək hüququnu” özlərində saxlayırlar.

İraq Baş naziri Əli əl-Zeydi “İraqın suverenliyinə, qurumlarının gücünə və qüvvələrinin hazırlığına əsaslanan yeni bir mərhələnin başladığını” bəyan edib. Xatırladaq ki, Əli əl-Zeydi silahlı qrupların silahlarını təhvil verməsini təmin edəcəyinə söz vermişdi. Onun hökuməti bu qrupların tərksilah edilməsi üçün 30 sentyabr tarixini son tarix kimi təyin etmişdi, lakin sonradan silah məsələsinin həlli ilə bağlı danışıqlar prosesində tələbini geri götürdü. İran tərəfindən dəstəkləndiyi bildirilən bir neçə qrup silahlarını yerə qoymaqdan imtina etdiyindən, yüksək vəzifəli siyasətçilər kompromisə ümid edirlər. Bu qruplar yalnız xarici qoşunların geri çəkilməsini deyil, həm də ABŞ-ın siyasi və iqtisadi müdaxiləsinə son qoyulmasını əhatə edən şərtlər irəli sürüblər.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью