240 manat subsidiya üçün fermer 1500 2000 manat xərc çəkməlidir

18.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli iribuynuzlu heyvanların kəsiminə görə nəzərdə tutulan subsidiya mexanizmini tənqid edib.

Modern.az xəbər verir ki, Natiq Cəfərli bununla bağlı "Facebook" hesabında paylaşım edib.

Onun sözlərinə görə, yeni qaydaya əsasən, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanların kəsimi zamanı hər kiloqram diri çəkiyə görə 0,4 manat məhsul subsidiyasının verilməsi nəzərdə tutulur.

İqtisadçı qeyd edib ki, bu halda 600 kiloqram çəkisi olan heyvan üçün fermer 240 manat subsidiya əldə edə bilər.

N.Cəfərli bildirib ki, Azərbaycanda ətlik məqsədilə bəslənən iribuynuzlu heyvanlar adətən 300-350 kiloqram diri çəkiyə çatdıqda kəsilir. Onun fikrincə, fermerin heyvanı 600 kiloqramdan artıq çəkiyə çatdırması üçün əlavə müddət və ciddi yem xərcləri tələb olunur.

“Fermerə deyilir ki, 350 kiloqram olanda heyvanı kəsmə, bəslə, 600 kiloqrama çatdır və sənə 240 manat subsidiya verək. Amma fermer indi hesablayır ki, heyvanın çəkisini daha 250 kiloqram artırmaq üçün nə qədər əlavə xərc çəkməlidir”, - o bildirib.

Natiq Cəfərlinin hesablamasına görə, ətlik üçün bəslənən iribuynuzlu heyvanın gündəlik yem xərci təxminən 4,5-7,5 manat arasında dəyişə bilər.

O bildirib ki, bu xərclərə qüvvəli yem və kəpək, yonca, ot, saman, silos, çuğundur jomu və mineral əlavələr daxildir.

İqtisadçının hesablamasına əsasən, belə heyvanın aylıq yem xərci təxminən 140-220 manat təşkil edə bilər.

“Heyvanı əvvəlki kəsim çəkisindən 600 kiloqramdan yuxarı çəkiyə çatdırmaq üçün fermer bir ilə yaxın əlavə bəsləmə aparmalı olsa, bunun xərcinin təxminən 1500-2000 manata çatması mümkündür. Sonda isə ona 240 manat subsidiya təklif olunur”, - N.Cəfərli qeyd edib.

REAL Partiyasının sədri hesab edir ki, subsidiya mexanizmi hazırlanarkən fermerlərin real yem və saxlanma xərcləri daha geniş nəzərə alınmalıdır.

O, qərarı tənqid edərək kənd təsərrüfatı sahəsində subsidiya mexanizmlərinin fermerlərin gündəlik təsərrüfat reallıqlarına uyğunlaşdırılmasının vacib olduğunu bildirib.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью