25 manatlıq internetin keyfiyyəti neçə manatlıq olacaq?

18.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək.

Dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
Məlumdur ki, Azərbaycanda internetin keyfiyyəti ilə bağlı ciddi problem var. Daha əvvəl internetin tarifləri bahalaşanda keyfiyyət söz verən provayderlər bu sözü tam olaraq yerinə yetirə bilmədilər.

İnternetin qiyməti yenidən niyə artır və bu bahalaşma keyfiyyəti necə dəyişəcək? 

İT mütəxəssisi Elvin Həsənov “Cebheinfo.az”-a bildirib ki, sabit internet tarifinin 18 manatdan 25 manata qalxması istifadəçi üçün sadəcə rəqəm dəyişikliyi deyil, gündəlik xərclərin artmasıdır: "Çünki internet artıq evdə əlavə xidmət deyil. İnsan işləyir, uşaq dərsə qoşulur, bank əməliyyatı edir, dövlət xidmətindən istifadə edir. Ona görə də bu artım birbaşa ailə büdcəsinə təsir edir. 

Burada əsas sual budur ki, qiymət niyə artır? Əgər səbəb şəbəkənin yenilənməsi, fiber-optik infrastrukturun genişləndirilməsi, avadanlıqların dəyişdirilməsi və xidmətin daha stabil olmasıdırsa, bunu istifadəçi real şəkildə hiss etməlidir. Yəni sadəcə qiymətin artması yox, keyfiyyətin də artması vacibdir. Məncə, ən böyük narazılıq o zaman yaranır ki, istifadəçi əvvəl 18 manat ödəyirdi, indi 25 manat ödəyəcək, amma internet yenə eyni sürətdə olacaq, yenə axşam saatlarında zəifləyəcək, yenə kəsintilər olacaq.

Bu halda vətəndaş təbii olaraq soruşacaq ki, əlavə pul nəyə görə alınır? Bir məsələ də var ki, hamının internet ehtiyacı eyni deyil. Biri evdə yüksək sürətli internetə ehtiyac duyur, digəri sadəcə xəbərlərə baxır, mesajlaşır, bir neçə sadə xidmət istifadə edir". Onun sözlərinə görə, aşağıbüdcəli tariflərin tam aradan qalxması bəzi istifadəçilər üçün seçim imkanını azalda bilər:

"Məncə, daha düzgün yanaşma belə olardı ki, tarif artırılırsa, provayder konkret desin ki, əvvəl nə verirdim, indi nə verəcəyəm. Sürət nə qədər artır, kəsintilər necə azalır, texniki dəstək necə yaxşılaşır, hansı yeni imkanlar gəlir. İstifadəçi bunu aydın görməlidir. Yəni 25 manatlıq internet sadəcə 18 manatlıq internetin daha bahalı versiyası olmamalıdır”.

Mütəxəssis qeyd edir ki, əgər qiymət artırsa, xidmətin keyfiyyəti də yüksəlməlidir. Vətəndaş üçün əsas məsələ məhz budur.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: internet Elvin Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью