254 min manatlıq dələduzluq İş prokurorluğa qaytarıldı

04.11.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Binəqədi rayonunda torpaq sahəsi və fərdi yaşayış evlərinin alqı-satqısı adı ilə vətəndaşlara ümumilikdə 254 min 350 manat ziyan vurmaqda ittiham olunan şəxsin cinayət işi məhkəmədən prokurorluğa qaytarılıb.

"Azpolitika" Qaynarinfo-ya istinadla xəbər verir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılan iş üzrə şəxsə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

İttihama əsasən, o, özünü daşınmaz əmlak alqı-satqısı sahəsində təcrübəli şəxs kimi təqdim edərək torpaq və ev almaq istəyən vətəndaşların etibarından sui-istifadə edib. Binəqədi qəsəbəsinin “Kontor” adlanan ərazisində yerləşən 2,5 sot torpaq sahəsini çıxarışla birlikdə satacağını vəd edən şəxs bir zərərçəkmişdən müxtəlif vaxtlarda 2 000, 3 300, 150, 500 və 3 550 manat olmaqla, ümumilikdə 9 500 manat alıb.

Digər epizodlarda isə fərdi yaşayış evlərinin təmiri və satışı, torpaq sahələrinin sənədləşdirilməsi və tikintiyə icazə alınmasına köməklik göstəriləcəyi vəd edilib. Bu məqsədlə vətəndaşlardan 14 000, 17 000, 8 600, 12 000, 14 900, 2 500, 9 350 və 13 000 manat alındığı bildirilir.

İttihamda daha sonra qeyd olunur ki, 2024-cü ildə də oxşar hallar davam edib. Belə ki, ayrı-ayrı şəxslərdən 25 000, 25 000, 21 000 və 29 500 manat alınıb. Sonuncu məbləğin 26 000 manatı birbaşa, 3 000 manatı taksi sürücüsü vasitəsilə, 500 manatı isə bank kartına köçürülməklə əldə edilib.

Bundan başqa, bir vətəndaş ona məxsus fərdi yaşayış evini 43 000 manata satmaq üçün təqsirləndirilən şəxsə müraciət edib. İttihama görə, həmin şəxs evi başqa adama satıb, lakin əldə olunan pulu ev sahibinə verməyərək mənimsəyib. Digər zərərçəkmişdən isə evin alınması və mülkiyyətə keçirilməsi adı ilə 10 000 manat götürülüb.

Beləliklə, cinayət işi üzrə 15 epizodda vətəndaşlara vurulduğu iddia edilən ümumi maddi ziyan 254 350 manat təşkil edir.

Lakin məhkəmə işin mahiyyəti üzrə baxılmasına başlamadan ciddi prosessual pozuntular aşkar edib. Dövlət ittihamçısı bildirib ki, epizodlardan birində cinayətin törədildiyi yer və vaxt ittiham aktında göstərilməyib. Bu isə Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Bundan başqa, müdafiə tərəfi zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında üzləşdirmələrin keçirilmədiyini, buna baxmayaraq, iş materiallarında həmin prosessual hərəkətlərin aparıldığını göstərən protokolların olduğunu iddia edib. Məhkəmə iclasında zərərçəkmiş şəxslər də təqsirləndirilən şəxslə üzləşdirilmədiklərini bildiriblər. Məhkəmə bu ziddiyyətləri, eləcə də müdafiə hüququnun pozulması ilə bağlı irəli sürülən dəlilləri əlavə araşdırma tələb edən hallar kimi qiymətləndirib.

Nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 28 oktyabr 2026-cı il tarixli qərarı ilə cinayət işinin məhkəmə baxışına xitam verərək onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью