Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hər xalqın tarixində elə günlər var ki, onlar milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. 25 noyabr Azərbaycan xalqı üçün məhz belə bir tarixdir. 2020-ci ilin bu günündə Kəlbəcər rayonu 27 illik işğaldan azad edildi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd olunur. Bu qərar şanlı Zəfərin təcəssümü, Kəlbəcərin azadlığının dövlət səviyyəsində əbədiləşdirilməsidir.
Kəlbəcər şəhəri gününün təsis edilməsi təsadüfi deyil. Azad olunmuş şəhərlərimizin hər birinin öz günü var və bu günlər Vətən müharibəsində qazanılan Qələbənin müxtəlif mərhələlərini xatırladır. Kəlbəcər şəhəri günü isə xüsusi məna daşıyır, çünki Kəlbəcər bir güllə atılmadan, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələrin nəticəsi olaraq geri qaytarıldı. Bu gün həm hərbi qələbənin, həm də uğurlu siyasi-diplomatik strategiyanın bayramıdır.
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Azərbaycan Ordusunun bölmələri Ömər aşırımından keçərək Kəlbəcər rayonuna daxil oldu. Rayon mərkəzi də daxil olmaqla 147 yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə qayıtdı. Bu xəbər bütün ölkədə böyük sevinclə qarşılandı. Xüsusilə 27 il doğma yurd həsrəti ilə yaşayan kəlbəcərlilər üçün bu gün ömürlərinin ən xoşbəxt günlərindən biri oldu. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bütün Azərbaycan xalqını və kəlbəcərliləri bu tarixi hadisə münasibətilə təbrik etdi.
Kəlbəcərin azadlığı dövlət tərəfindən layiqincə qiymətləndirildi. Azad olunmasından cəmi bir gün sonra, 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Bu medal Kəlbəcərin azad edilməsində xüsusi xidmət göstərən hərbi qulluqçulara təqdim olunur. Medal Vətən müharibəsi qəhrəmanlarının şücaətinin dövlət səviyyəsində dəyərləndirilməsi, xalqımızın onlara olan minnətdarlığının ifadəsidir. Bu təltif Kəlbəcərin adını Azərbaycanın dövlət təltifləri sistemində əbədi yaşadır.
Kəlbəcər şəhəri günü həm də şəhidlərimizin xatirəsinə ehtiram günüdür. Kəlbəcər uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız olmasaydı, bu gün Kəlbəcər azad olmazdı. Birinci Qarabağ müharibəsində Kəlbəcərin müdafiəsində həlak olanlar, işğal zamanı qətlə yetirilən dinc sakinlər və Vətən müharibəsində şəhid olan döyüşçülərimiz xalqımızın yaddaşında əbədi yaşayacaq.
Bu il Kəlbəcərin işğaldan azad olunmasından altı il ötür. Bu altı il ərzində Kəlbəcərdə böyük quruculuq işləri görülüb. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021, 2022, 2023, 2024 və 2025-ci illərdə Kəlbəcərə səfərlər edərək bir çox obyektin açılışında və təməlqoyma mərasimində iştirak edib. 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Dövlət bayrağımızı ucaldan Prezident sonrakı illərdə burada yolların, tunellərin, elektrik stansiyalarının, yaşayış komplekslərinin, məktəblərin, sənaye müəssisələrinin əsasını qoydu.
Bu gün Kəlbəcərdə Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yolları, Murovdağ tuneli inşa olunur. “Kəlbəcər-1”, “Qamışlı”, “Meydan”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Yuxarı Vəng”, “Zar”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” stansiyaları yaşıl enerji istehsal edir. “İstisu” mineral su zavodu fəaliyyət göstərir. Yanşaq, Zallar və Zar kəndləri yenidən qurulur. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi inşa olunur, 2025-ci ildə isə sakinlərə mənzillərin açarları təqdim olunub.
Beləliklə, Kəlbəcər şəhəri günü artıq təkcə Zəfərin deyil, həm də quruculuğun, Böyük Qayıdışın bayramıdır. Bu gün Kəlbəcərdə uşaq səsləri yenidən eşidilir, ailələr ata-baba yurdunda yeni həyata başlayır. İşğalçının yandırdığı, dağıtdığı şəhər yenidən doğulur.
25 noyabr gənc nəsil üçün də böyük tərbiyəvi əhəmiyyət daşıyır. Bu tarix gənclərə Vətən sevgisini, torpağa bağlılığı, tarixi yaddaşı və milli qüruru aşılayır. Məktəblərdə, universitetlərdə, kitabxanalarda və mədəniyyət müəssisələrində keçirilən tədbirlər Kəlbəcərin tarixini, işğal faciəsini və Zəfər salnaməsini gənc nəslə çatdırır.
Kəlbəcər şəhəri günü ölkənin hər yerində müxtəlif tədbirlərlə qeyd olunur. Kitabxanalarda virtual sərgilər, elektron resurs bazaları və biblioqrafik materiallar hazırlanır. Muzeylərdə Kəlbəcərin tarixinə həsr olunmuş ekspozisiyalar təşkil edilir. Televiziya və radio kanallarında xüsusi verilişlər yayımlanır, sosial şəbəkələrdə minlərlə insan bu əlamətdar günə həsr olunmuş paylaşımlar edir. Kəlbəcərli ziyalılar, qazilər və şəhid ailələri ilə görüşlər keçirilir. Bu tədbirlər Kəlbəcər həqiqətlərinin geniş ictimaiyyətə, o cümlədən xarici auditoriyaya çatdırılmasına mühüm töhfə verir.
Kəlbəcər şəhəri günü həm qürur, həm də məsuliyyət günüdür. Qürur ona görə ki, xalqımız tarixi ədaləti bərpa etdi. Məsuliyyət ona görə ki, azad olunmuş torpaqları yenidən qurmaq, məskunlaşdırmaq və gələcək nəsillərə daha güclü Azərbaycan təhvil vermək hər birimizin borcudur. Bu münasibətlə bütün kəlbəcərliləri və Azərbaycan xalqını təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Hüseyn Məsimov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri,
“Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi