27 Sentyabr anım və qürur günümüz

23.09.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

 

2020-ci il sentyabr ayının 27-də təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar qəbul olundu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni faşizminə qarşı Zəfər yürüşünə başladı. 30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində irimiqyaslı və məqsədyönlü iş aparıldı. Nəticədə ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Azərbaycan özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu həllinə çalışmışdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Bu dövrdə yalnız tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi. Düzdür, müharibə bizim seçimimiz deyildi, biz tarixən və 27 sentyabra qədər, eləcə də işğala, təcavüzə, haqsızlığıa, ədalətsizliyə məruz qalan tərəf olsaq da, daim sülh mövqeyindən çıxış edir, daim sülhdən, barışdan yana idik. Amma gözlərini qan bürümüş, qanla bəslənmiş ermənilər və onların faşist, təxribatçı rəhbərləri üzündən müharibə, hərb yolunu seçdik.

Vətən müharibəsi Qələbəsi təkcə işğal altında olan torpaqların azad edilməsi deyil, millətin dirçəlişi, oyanışı, özünə qayıdışının mənəvi simvolu oldu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Çünki Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala və bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın. 44 günlük şanlı Vətən müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün Prezident İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdu. Mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistanın hərbi siyasi rəhbərliyi müqavimət göstərməyin mənasız olduğunu anladı. 10 noyabr 2020-ci ildə atəşkəsin elan olunması barədə üçtərəfli Bəyannamə imzalandı və bununla da Ermənistan kapitulyasiya aktına imza atmış oldu. Əldə etdiyimiz bu Qələbə Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ və ədaləti bərpa etdi. Eyni zamanda, şanlı Ordumuz döyüş meydanında işğalçı Ermənistanı böyük itkilərə məruz qoyaraq düşmənin çoxlu sayda hərbi texnikasını qənimət kimi ələ keçirdi, öz gücünü bütün dünyaya göstərdi.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Artıq 6 ildir bu gün “Anım günü” kimi qeyd olunur.

Onu da qeyd etmək lazımdır ki, Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi və bu bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.

Torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Tarix yazan qəhrəmanlarımızı unutmamalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi öyrənib gələcək nəsillərə çatdırmalıyıq. Şəhidlərin qanı bahasına qazanılan bu Qələbə daim milli qürur mənbəyimiz olacaqdır.

Samir Ağayev

YAP Biləsuvar rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью