Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 26 sentyabr, AZƏRTAC
27 Sentyabr haqqın öz gücünü tarix qarşısında nümayiş etdirdiyi gündür. Prezident İlham Əliyevin liderliyi, siyasi iradəsi və Ali Baş Komandan kimi qətiyyətli qərarları ilə Azərbaycan həmin gün öz tarixi haqqını müdafiə etmək üçün mübarizəyə başladı. Bu qərar xalqımızın illər boyu yaşatdığı milli iradənin dövlət siyasətində ifadəsi, tarixi ədalətin bərpasına aparan yolun başlanğıcı oldu. Ölkəmiz uzun illər davam edən işğala rəğmən sülh yoluna üstünlük verdi, problemin və münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu PHŞ-nin Bərk Cisim Mexanikası laboratoriyasının müdiri, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov deyib.
Onun sözlərinə görə, Azərbaycan qan tökülməsini istəmir, beynəlxalq hüququn prinsipləri əsasında ərazi bütövlüyünün bərpasını gözləyirdi.
“Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi, ölkəmizə qarşı yeni təhdidləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində törədilən hərbi təxribat dövlətimiz üçün qəbuledilməz hədd yaratdı. Belə bir şəraitdə Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi və qətiyyətli siyasi iradəsi ilə Vətənin müdafiəsinə qalxdı. 44 gün ərzində ardıcıl hərbi uğurlar qazandı, düşmənin müdafiə xəttini yararaq işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Nəticədə Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzaladı və Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Bu Zəfər Azərbaycan dövlətinin hərbi qüdrəti ilə yanaşı, siyasi iradəsinin də tarixi nəticəsi idi. Prezident İlham Əliyev müharibənin ilk günündən son gününə qədər dövlətin mövqeyini beynəlxalq ictimaiyyətə aydın şəkildə çatdırdı, Azərbaycanın haqq işini siyasi və hüquqi müstəvidə müdafiə etdi. Döyüş meydanında əldə olunan uğurlar diplomatik müstəvidə aparılan ardıcıl siyasətlə tamamlandı”, - deyə Emin Bağırov vurğulayıb.
Fəlsəfə doktorunun sözlərinə görə, Vətən müharibəsi Azərbaycan xalqının dövlət ətrafında necə sıx birləşə bildiyini də göstərdi. Cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə vətəndaş Vətənin müdafiəsi üçün səfərbər oldu: “Əsgər səngərdə, ailə arxa cəbhədə, dövlət bütün imkanları ilə eyni amal üçün çalışdı. Bu birlik Zəfərin mənəvi dayaqlarından birinə çevrildi. Şəhidlərimizin qanı ilə azad olunan torpaqlar bu gün bizə Zəfərin sevincindən daha böyük bir məsuliyyət xatırladır. Hər qarış torpaq şəhidlərimizin əmanətidir. Bu əmanətə sahib çıxmaq dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqla mümkündür. Zəfərin qorunması onun qazanılması qədər böyük məsuliyyətdir. Bu gün 27 Sentyabrı anarkən şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizin fədakarlığını ehtiramla xatırlayırıq. Onların keçdiyi yol gələcək nəsillər üçün böyük dövlətçilik dərsidir. Bu dərsin əsasında Vətənə sədaqət, dövlətə bağlılıq, milli birlik və tarixi yaddaşa sahib çıxmaq dayanır. 27 Sentyabr gələcək nəsillərə bir həqiqəti çatdırır: Vətən sevgisi yalnız sözlə ifadə olunmur, onun ən uca ölçüsü Vətən qarşısında məsuliyyət daşımaq və dövlətin müstəqilliyini qorumaqdır”.
Alim sonda qeyd edib ki, 27 Sentyabr Azərbaycan xalqının milli iradəsini, dövlət qətiyyətini və Vətən uğrunda göstərilən fədakarlığı özündə birləşdirən tarixdir.
“Bu tarix Zəfərə aparan böyük yolun başlanğıcı, şəhidlərimizin müqəddəs əmanəti və dövlətçilik tariximizin əbədi səhifəsidir. 27 Sentyabrın ən böyük həqiqəti budur ki, bir xalqın yaddaşında yaşatdığı Vətən arzusu, dövlətin siyasi iradəsi və şəhidlərin müqəddəs fədakarlığı eyni tarixi xətdə qovuşanda zamanın qarşısında silinməz iz yaranır. O iz artıq keçmişə aid bir xatirə kimi qalmır, dövlətin sabahına yön verən milli yaddaşa, Vətən qarşısında əbədi məsuliyyətə çevrilir. Beləliklə, 27 Sentyabr milli iradənin nümayişi günü kimi heç vaxt yaddaşımızdan silinməyəcək, şəhidlərimizin müqəddəs əmanəti və Zəfərə aparan yolun başlanğıcı kimi əbədi yaşayacaq”, - deyə Emin Bağırov əlavə edib.