Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasında 27 turdan sonra ən çox heç-heçə edən komandalar məlum olub.
Futbolpress.az-ın məlumatına görə, üç kollektiv 11 dəfə “sülh”ə razılaşıb. Turnir cədvəlinin dördüncü sırasında qərarlaşan “Zirə”, 8-ci “Şamaxı” və 9-cu “İmişli” ən çox bərabərə qalan kollektivlərdir.
Çempionatda ən az qələbəsi olan autsayder “Karvan-Yevlax”dır. Ötən turda ikinci qalibiyyətini əldə edən yevlaxlıların 27 turda cəmi 2 qələbəsi var.
Ən çox uduzan da məhz Yevlax təmsilçisidir. Autsayder 27 oyunun 20-də meydanı xalsız tərk edib.
Çempionatın lideri “Sabah” isə ən çox qələbəyə sevinəndir – 20. “Bayquşlar” 27 turda cəmi 1 dəfə uduzub ki, bu da liqanın ən yaxşı göstəricisidir. Lideri üstün edən daha bir statistika isə vurulan qolların sayındadır. “Sabah” 27 oyunda 66 qol vurub və 21-ni buraxıb.
Çempionatda ən az qol buraxan ikinci sıranın sahibi “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 27 oyunda 18 dəfə qapısında qol görüb. Bu göstəricidə buraxılan 19 qolla “üçlüy”ü “Turan Tovuz” tamamlayır.
Şahin Cəfərov