28 dövlət standartı yoxlanılıb

16.10.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında 620 yeni dövlət standartı qəbul edilib. Onlardan 530-dan çoxu istinad standartlarıdır".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, son illərdə ölkədə standartlaşdırma sahəsində fəaliyyət ardıcıl şəkildə genişlənib. Belə ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 232, 2025-ci ildə isə 345 yeni dövlət standartı qəbul olunub.

K.Məmmədzadənin sözlərinə görə, dövlət standartlarının aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyənləşdirilməsi məqsədilə də müvafiq işlər aparılır. 2026-cı ilin ilk 9 ayında 28 dövlət standartı yoxlanılıb.

AZSTAND rəsmisi bildirib ki, 2025-ci ilin dekabrında İnstitutun qərarı ilə 2026–2028-ci illər üçün Milli Standartlaşdırma Proqramı təsdiqlənib, cari ilin iyul ayında isə proqrama müvafiq dəyişikliklər edilib. Proqram çərçivəsində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur.

O, proqramda əhatə olunan əsas istiqamətlər barədə də məlumat verib. Belə ki, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik sahələri üzrə 532, mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442, neft və əlaqəli texnologiyalar üzrə 338, tekstil və dəri texnologiyası üzrə isə 333 standartın qəbulunun planlaşdırıldığını diqqətə çatdırıb.

K.Məmmədzadə qeyd edib ki, hazırda Azərbaycanda qida və kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, energetika, idarəetmə, neft-qaz, ekologiya və digər sahələri əhatə edən 43 standartlaşdırma üzrə texniki komitə fəaliyyət göstərir. Onlardan üçü cari ildə təsis olunub. Bunlar “Maşınqayırma, mexaniki və hidravlik sistemlər”, “Məhkəmə ekspertizaları” və “İstehlak malları” üzrə texniki komitələrdir.

AZSTAND rəsmisi enerji və ətraf mühit sahəsində standartlaşdırma fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, enerji resurslarından səmərəli istifadə, istixana qazları emissiyalarının azaldılması, ekoloji məsuliyyətin gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidin dəstəklənməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübəyə əsaslanan standartlar qəbul edilib. Hazırda bu sahələr üzrə 60-dan çox standart qüvvədədir.

O vurğulayıb ki, Azərbaycanın beynəlxalq standartlaşdırma sistemində təmsilçiliyinin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi də əsas hədəflərdəndir. Azərbaycan Standartlaşdırma İnstitutu ölkəni Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası, Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) kimi qurumlarda təmsil edir.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью