Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bununla, milli jurnalistikamız 123 illik əsarətdən xilas oldu
Senzura dövlət və hakimiyyət orqanlarının informasiya üzərində nəzarət mexanizmidir. Onun əsas məqsədi ictimaiyyətə çatdırılan məlumatları qabaqcadan yoxlamaq, özü üçün arzuolunmaz hesab edilən fikir və faktların yayılmasının qarşısını almaqdır. Tarixən senzura monarxiyalar, imperiyalar, avtoritar rejimlər üçün özlərinin siyasi hakimiyyətilərini qorumaq, ictimai rəyi nəzarətdə saxlamaq, tənqidi fikirləri məhdudlaşdırmaq vasitəsi kimi istifadə edilib.
Düzdür, bəzən demokratik dövlətlərdə də media üzərində hansısa məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Milli təhlükəsizlik, dövlət sirri, terrorizmə qarşı mübarizə, cinayət istintaqının maraqları, şəxsi həyatın toxunulmazlığı, uşaqların müdafiəsi və nifrət nitqinin qarşısının alınması kimi legitim məqsədlər naminə ifadə azadlığına qanunla məhdudiyyətlər qoyulur. Amma bu məhdudiyyətlər, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır, konkret hallarda şamil edilir və məhkəmə nəzarətinə açıq olur. Beynəlxalq hüquqda ona “senzura” deyil, ifadə azadlığının qanuni məhdudiyyətləri deyilir.
Senzura media üçün yolverilməz hesab edilir. Çünki o, jurnalistin informasiyanı sərbəst toplamaq, hazırlamaq və yaymaq hüququna müdaxilə edir, cəmiyyətin düzgün və obyektiv informasiya almaq imkanını məhdudlaşdırır. UNESCO tərəfindən hazırlanmış “Media azadlığı üçün 3 təhdid: Zorakılıq, dezinformasiya və senzura” başlıqlı məqalədə qeyd edilir ki, senzuranın tətbiq olunduğu mühitdə media hakimiyyət üzərində ictimai nəzarət funksiyasını tam yerinə yetirə bilmir. Nəticədə, şəffaflıq, hesabatlılıq və plüralizm zəifləyir. Yəni media özünün əsas funksiyasını yerinə yetirmək imkanından məhrum olaraq, özünün mövcud olma səbəbini, mahiyyətini itirir. Buna görə də mətbuat üzərində senzuranın ləğv edilməsi dünyanın demokratik ölkələrində söz və ifadə azadlığının əsas göstəricilərindən biri hesab olunur (https://www.unesco.org/en/threats-freedom-press-violence-disinformation-censorship ).
* * *
Azərbaycanda şərait elə gətirib ki, milli mətbuatımız yarandığı gündən senzuraya məruz qalıb. 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdiyi ilk milli mətbuatımız – “Əkinçi” qəzeti çar Rusiyasının sərt senzura qaydaları altında fəaliyyətə başlayıb. Hər nömrəsi əvvəlcədən dövlət nəzarətindən keçirilib və 1877-ci ildə siyasi şəraitin sərtləşməsi nəticəsində məhz senzura siyasətinin təsiri ilə fəaliyyətini dayandırıb. Sonrakı onilliklərdə də Azərbaycanda nəşr olunan mətbuat orqanları müxtəlif formalarda senzura ilə üzləşiblər.
1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti mətbuat azadlığını dövlət siyasətinin mühüm prinsiplərindən biri elan edib. 1919-cu ildə qəbul etdiyi “Mətbuat haqqında Nizamnamə” ilə mətbuat azadlığını tanıyıb, senzuranı aradan qaldırmağa təşəbbüs göstərib. Lakin cəmi 23 ay davam edən istiqlal dövrü senzurasız media mühitini formalaşdırmağa imkan verməyib. Onun ardınca gələn sovet hakimiyyəti illərində senzura yenidən dövlət idarəetməsinin ayrılmaz hissəsinə çevrilib. “Qlavlit” sistemi vasitəsilə bütün çap məhsulları əvvəlcədən yoxlanılıb. “Dövlətin” icazəsi olmadan, heç bir materialın dərcinə imkan verilməyib.
Məsələ ondadır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da senzura tam aradan qalxmayıb. 1992-ci ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunda senzura qadağan edilsə də, AXC-Müsavat hakimiyyəti dönəmində Ermənistanla müharibə şərtlərinə görə tətbiq edilən hərbi senzura və sonrakı hüquqi məhdudiyyətlər “senzura sindromu”nu davam etdirib.
Azərbaycan milli mətbuatı tarixində ilk dəfə olaraq senzura sistemli şəkildə yalnız 1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla ləğv edilib. Bununla da Azərbaycan mətbuatı 123 illik tarixində ilk dəfə dövlət tərəfindən həyata keçirilən senzuradan tam azad olunub, milli mətbuatın inkişafında yeni mərhələnin əsası qoyulub. Bu, sadəcə bir hüquqi qərar deyil, milli mətbuat tarixində yeni dövrün başlanğıcıdır. Məhz bu fərmandan sonra Azərbaycan mediası fəaliyyətini dövlət senzurasının müdaxiləsi olmadan qurmaq imkanı qazanıb, söz və məlumat azadlığının inkişafı üçün daha əlverişli hüquqi mühit formalaşıb.
Bu baxımdan, senzuranın ləğvi müasir Azərbaycan mediasının inkişaf tarixində ümummilli lider Heydər Əliyevin ən mühüm xidmətlərindən biri kimi qiymətləndirilir. Milli mətbuatın 123 il ərzində üzləşdiyi senzura ənənəsinə son qoyulması, azad sözün və müstəqil jurnalistikanın inkişafı üçün hüquqi zəmin yaradılması Heydər Əliyevin media siyasətinin ən mühüm tarixi nəticələrindən biridir. Bu qərar yalnız həmin dövr üçün deyil, sonrakı illərdə Azərbaycanda media azadlığının hüquqi əsaslarının formalaşması baxımından da xüsusi əhəmiyyət daşıyır və bu gün də öz tarixi dəyərini qoruyub saxlayır.
Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti