28 ildən sonra dəyişiklik: Mütəxəssislər niyə prosesdən kənarda qalır?

29.01.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq bir həftədir ki, Milli Məclisdə "Uşaq hüquqları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Məlumat üçün bildirək ki, hazırkı qanun layihəsi 28 il bundan əvvəl qəbul edilib. 

Mütəxəssislərin bildirdiyinə görə, yeni qanun layihəsi uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradacaq. 

Bəs, "Uşaq hüquqları haqqında" qanunun müzakirəsində kimlər iştirak etməlidir?

Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan Qaynarinfo-ya açqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən uşaq təşkilatları, teatr və rəqs kollektivlərinin rəhbərləri "Uşaq hüquqları haqqında" qanunun müzakirəsindən kənarda qala bilməz:


"Söhbət vətənə, torpağa sevgidən gedir. Bu cür məsələlərdə, qanunun müzakirəsində sevgini nəzərə alan görmürəm. Çox təəssüf. Reallıq odur ki, bu qanunun müzakirəsində uzun zamandır təcrübəsi olan mütəxəssislər kənarda qalır. Məsələn, mən 25-30 ilimi uşaq və uşaqların mədəniyyətinə, uşaq hisslərinə, maariflənməsinə xərcləmişəm. Mənim kimi uşaq psixologiyasına bələd olan mütəxəssislərlə ünsiyyətdə olmadan qəbul olunan qərarların hamısı yarımçıqdır".

İntiqam Soltan bu qərarları sandıq ədəbiyyatına bənzədib:

"Bu qərarların heç biri həyata keçmədiyindən sandıq ədəbiyyatına bənzəyir, yazılsa da, seyflərdə qalır. Bunların hamısı "quş qoymaq” xatirinədir. İş görülür, amma bağlı seyflərə atılır. Əgər mütəxəssislərlə razılaşdırılmayacaqsa, heç bir əməli iş görülməyəcək".

Hüquq müdafiəçisi Mehriban Zeynalova bildirib ki, uşaqlarla bağlı qəbul edilən bütün qərarlar cəmiyyətin bütün üzvlərinin diqqətində olmalıdır:


"Çünki hər birimiz ya valideynik, ya da bir uşağın taleyinə təsir edən cəmiyyətin üzvüyük. Təəssüf ki, cəmiyyət bu qədər vacib məsələni kənara qoyub səthi mövzular üzərində dayanır. Halbuki əsas sual budur. Bu qanun sizin uşaqlarınız üçün nəyi dəyişəcək? Valideyn kimi hüquq və məsuliyyətlərinizə necə təsir edəcək? Bu gün maraqlanmadığımız, oxumadığımız və anlamadığımız qaydalar sabah həyatımıza birbaşa təsir göstərə bilər. Hazırda qanunda dəyişikliklə bağlı ciddi müzakirələr gedir. Qəflət yuxusundan ayılın, sizin və uşaqların taleyini dəyişəcək qanunda nədən razı, nədən narazı olduğunuza reaksiya verin".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью