GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Bir müddət əvvəl Bakı metrosunun “28 May” stansiyasının qismən bağlanacağı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, texniki işlər səbəbi ilə stansiya 2025-ci ilin payızında və ya 2026-cı ilin əvvəlində 6 aylıq müddət üçün qismən bağlanacaq. Dəyişikliyin “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçiriləcəyi vurğulanırdı.
Hazırda məsələ hansı mərhələdədir və stansiyanın bağlanması nə vaxt reallaşacaq?
Globalinfo.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, hər hansı dəyişiklik barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək:
“Heç bir stansiya dərhal bağlanmayacaq. Əvvəl hazırlıqlarımızı tamamlayacağıq. Stansiya qismən bağlananda isə ictimaiyyət öncədən xəbərdar ediləcək. İnsanların necə hərəkət edəcəyi, daşınmanın necə təşkil olunacağı barədə bütün detalları paylaşacağıq. Bu, çox vacibdir, biz sərnişinlərin rahatlığını nəzərə almalıyıq. Heç bir dəyişiklik birdən-birə həyata keçirilməyəcək. Prosesin hər mərhələsi ilə mətbuat da yaxından tanış olacaq”.
Zaira Akifqızı
Globalinfo.az