29 noyabrda bu şəxsiyyətlər xatırlanır

29.11.2024

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


29 noyabrda bir çox tarixi şəxsiyyətlər xatırlanır.

Missiya.Az onları təqdim edir:

1. 1920-ci ilin bu günü Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Güllü Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində dünyaya gəlib. Əsərləri sırasına daxildir: "Leyli və Məcnun məktəbdə", "Şairə Məhsətinin portreti" və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.

1973-cü ildə "Azərbaycan SSR əməkdar rəssamı", 4 mart 1992-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" adına layiq görülüb. Güllü Mustafayevanın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır. 18 may, 1994-cü ildə Bakıda vəfat edib.

2. 29 noyabr 1928-ci ildə dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Salahov doğulub. SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi (1973-1992) olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Səhər eşelonu”, “Abşeron qadınları" və s.

3.1947-ci ilin bu günü tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda anadan olub. 1974-cü ildə İsrailə, oradan ABŞ-a köçüb. "Amerikanın səsi", "Azadlıq" radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub. 31 yanvar, 2020-ci ildə Almaniyanın Münxen şəhərində dünyasını dəyişib.

4. 29 noyabr 1965-ci ildə aktrisa Almaz Amanova doğulub. Sumqayıt Musiqili Dram Teatrında işləyib. 1999-cu ildən Akademik Milli Dram Teatrında çalışır. Filmlərdə (“Mənim ağ şəhərim”, “Əlavə təsir” və s.) çəkilib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью