3 həftəyə 911 milyon dollar qazanc So­sial şə­bə­kə­də ya­zı­lan­lar

14.08.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vüsal Məmmədov, jurnalist:

- "Odisseya" 3 həftəyə 911 milyon dollar pul qazanıb. 250 milyon dollar büdcəsi olan filmin 2 milyard dollar qazanca çatmaq perspektivi var. Azərbaycan kinoteatrlarının tarixində də ən uğurlu start məhz "Odisseya" olub. Mən 3 həftədir nə zaman kinoteatrların saytına baxıramsa, bütün yerlərə biletlər 1 həftə qabaqdan satılmış olur. Halbuki dünənə qədər hamı "Netflix"in kinoteatr biznesini öldürdüyündən danışırdı...

Nədir "Odisseya"nı bu qədər uğurlu edən? Axı bu əhvalatı hamımız uşaqlıqdan bilirik, yəni mövzuda xüsusi bir yenilikdən söhbət gedə bilməz. Dünya qədər qədim süjetdir. Nolanın müstəsna bir şedevr yaratdığını da düşünmürəm. Amma o, hər halda, müasir kinematoqrafiyada liderdir. Vizionerdir. Təhkiyə üçün daim yeni formalar, yeni vizual ifadə vasitələri, yeni dil axtarır. İnsanları cəlb edən budur - onlar həmişə liderin arxasınca getmək istəyirlər. Sabah Ceyms Kamerun yeni bir layihənin qulpundan yapışsa, o da oxşar uğuru təkrarlayacaq. Çünki o da vizioner-liderdir. Kapitalizmin indiki mərhələsində hər sahədə sadəcə peşəkarlar yox, vizioner-liderlər uğur qazanırlar - Mask da, Cobs da, Zukerberq də bu qəbildəndirlər. Resepti diqqətdə saxlamaq lazımdır: Uğurlu biznes layihəsi istəyirsənsə, vizioner-lider tələb olunur.

Aslan İsmayılov, hüquqşünas:

- Sosial şəbəkələrdə baş verən bir çox anormallıqlara göz yummaq olar. Amma elə hallar var ki, ona göz yummaq mümkünsüzdür. Xüsusilə son dövrlər xəstəxanalarda can hayında olan tanınmış simalarla fotosessiya edib sosial şəbəkələrdə paylaşmalar hərtərəfli - yolverilməzdir. Necə ola bilər ki, yaşlı, can hayında olan insanın o vəziyyətdə şəklini paylaşasan? Necə ola bilər ki, ölüm ayağında olan insanlarla selfi çəkdirib özünə xal qazanmaq, tanınmağa çalışasan? Bu qədər də olmaz.

Aytac Sahəd, jurnalist:

- Dədəsinə borcun varmış kimi minnət qoyan həkimlər (əksəriyyəti), qaş-göz süzdürə-süzdürə danışan tibb bacıları, süründürməçilik, sistemdə boşluqlar və daha nələr-nələr...

Amma və lakin bütün çatışmazlıqlarına rəğmən, icbari tibbi sığortanın tətbiqi son illərdə Azərbaycanda sosial sahədə həyata keçirilən ən uğurlu təşəbbüsdür, bəlkə də. Bilavasitə vətəndaşın faydalana bildiyi istənilən mexanizm təqdirəlayiqdir.

Sabir Rüstəmxanlı, Xalq şairi:

- Vətəndən kənardayam. Bu gecə səhərə yaxın yuxuda gördüm Azərbaycan Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsinə toplaşmışıq. Təlaşla məni axtarırlar: "Gəl, gəl, indi sən danışacaqsan". Səhnə arxasına keçəndə gənclik dostum Çingiz Əlioğlunun səsini eşidirəm. Sap-sağlam, uca boyuyla dayanıb mikrofonun qabağında və çoxdan eşitmək arzusunda olduğum gur cavanlıq səsiylə danışır. Gör nə xoşbəxtlikdir, - deyirəm, - Çingiz sağalıb və hətta bu gecədə çıxış edir. Yana çevriləndə məni görür, gülümsəyir, nə dediyini eşitmirəm, amma birdən-birə çox da hündür olmayan, sinədən gələn səslə çoxdan eşitmədiyim həzin bir mahnımızı oxumağa başlayır. Salondan alqış yüksəlir. Çingiz qarabağlıdır, səsi gözəl idi və biz üç dost hərdən baş-başa verib qədim xalq mahnılarımızı oxuyurduq. Ancaq Çingizin tək oxuduğu yadıma gəlmir. Bu mahnını dinləyə-dinləyə ayılıram. Yuxu danışmaq xasiyyətim yoxdur, amma nədənsə səhər yeməyi vaxtı səhərə yaxın gördüyüm yuxunu masadakı yoldaşlarıma danışıram, "ürəyim narahatdır, yəqin nə isə olub" - deyirəm. Gündüz saat 3-də Seyran Səxavət zəng vurur: Çingizi hardan götürəcəklər? Və mən altmış illik əziz dostumun, görkəmli şairimizin vəfatından xəbər tuturam - vətəndən çox uzaqda. Sən demə, o da səhərə yaxın bir nəğmə kimi uçub gedib.

Çingiz Əlioğlu ilk şeirini 1967-ci ildə çap etdirmişdi. Ciddi yaradıcılıq yolu böyük şairimiz Rəsul Rzanın xeyir-duası ilə başlanmışdı. Şeirləri öz üslubu, ifadə tərzi ilə seçilirdi və buna görə də ötən əsrin axırı və bu əsrin əvvəlində şeirimizin xorunda onun orijinal, təravətli, gur poetik səsi aydın eşidilirdi. Gənclər kitablarını sevə-sevə oxuyurdular. Bütün ömrünü kitab nəşri işinə sərf etdi, Gənclik nəşriyyatında, "Azərnəşr"də, Mətbuat və İnformasiya Nazirliyində, xəstələnməzdən əvvəl Mədəniyyət Nazirliyində çalışdı. Azərbaycanın Əməkdar mədəniyyət xadimi idi. Ömrümüzün böyük bir hissəsini demək olaraq hər gün bir- birimizdən xəbər tutaraq yaşamışdıq. Çox sevdiyi Qarabağın azad torpaqlarında gəzə bilmədi, amma mən hər səfərimdən sonra sevincimi onunla bölüşürdüm. Xatirələrimiz bir kitaba sığmaz. Bənzərsiz, gözəl bir insan idi. Ruhun şad olsun, əziz dost. Əlvida, Çingiz!

Elçin Rüstəmli, jurnalist:

- Türkiyə Ukraynaya silah yardımı üçün ABŞ-a müraciət edib. Serbiya da ilk dəfə Ukraynanın ergetika sektoruna milyonlarla avro dəstək ayırıb.

Müharibə başlayandan sonra Azərbaycan XİN başçısı ilk dəfə Kiyevə rəsmi səfər edib və başda Prezident Zelenski olmaqla yüksək səviyyədə qəbul edilib.

Nəhayət ABŞ Senatı Rusiya iqtisadiyyatını dağıdacaq sanksiyaları böyük səs çoxluğu ilə qəbul edib.

Hadisələr sürətlənir, ehtiyatlı mövqe tutan ölkələr də Ukraynaya açıq dəstək ifadə edirlər, Tramp hökuməti də mövqeyini dəyişdi.

Böyük ehtimal, il sonuna qədər Ukrayna böhranında ciddi irəliləyiş gözlənilir. Bu da Putinin hakimiyyətdən götürülməsindən keçir...

Sahib Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:

- Daha qısa interval, yoxsa qala divarının ömrünün uzun olması?

Metro mövzusunda bir dəfə yazmışdım.  Geniş müzakirəyə səbəb oldu. Amma heç kəs ortaya  mənim yazdığımın əksini sübut edən ciddi arqument qoya bilmədi.

İndi yazdığım da mübahisəli görünə bilər. Hər halda...

Metro tikintisində artıq icrasına başlanmış işlərdən biri də "İçərişəhər" metrosunda yeni dönmə tuneli tikintisidir. Bu başdan deyim ki, olduqca vacib bir işdir. Bu dönmə tunelinin olmaması qatarların intensivliyini əhəmiyyətli şəkildə azaldır, xüsusən də pik saatlarında problem yaradır.

Amma burda bir məsələ var. Niyə 1967-ci ildən bu yana uzunluğu bir neçə yüz metr olan bu dönmə tuneli tikilməyib? 1961-ci ildən 1986-cı ilədək "Bakı Tunel Tikintisi İdarəsinə" rəhbərlik etmiş, görkəmli dövlət xadimi və tikinti sahəsinin nəhənglərindən olan rəhmətlik Əlövsət Əbdülrəhimov üçün bu, xırda bir iş idi. SSRİ Nəqliyyat Tikintisi Nazirliyi sistemində yüksək nüfuzu olan bu şəxs bu məsələni bir neçə aya həll edərdi.

Problem nə idi? Deməli, ümumiyyətlə "Sahil" ("26-lar") -"İçərişəhər" ("Baksovet") xətti əvvəlcədən düzgün layihələndirilməmişdi. Dərin özül tuneli və stansiyası olmasına baxmayaraq, az sonra bəlli oldu ki, tikinti və sonradan istismar prosesi İcərişəhər abidələrini, xüsusən Qala divarlarının davamlılığına xələl gətirir. Qazıntının yaratdığı dağ-mədən təzyiqi, eləcə də istismar zamanı qatarların hərəkətinin yaratdığı zəif rezonans (titrəyiş) zaman-zaman abidələrə və xüsusən Qala divarına mənfi təsir edir. Mənə məlum olan budur ki, məhz bu səbəbdən dönmə tunelini tikib vəziyyəti daha da pisləşdirmək istəmədilər. İndi isə bu vacib, amma İçərişəhər abidələrinə və Qala divarlarına əlavə mənfi təsir yaratma ehtimalı olan dönmə tunelini tikmək qərarına gəliblər. Ola bilər əlavə tədbirlər görüləcək. Daha yaxşı texnologiya tətbiq olunacaq (amma qısa məsafədə hansı müasir avadanlıqdan istifadə oluna bilər, mən bilmirəm). Hər halda məndən demək.

P.S. Dönmə tuneli üçün əlavə şaxta açılıb. Yəqin ki, çalışacaqlar tikinti zamanı maksimum az təsir olsun. Amma digər platformadan hərəkət şəksiz ki, titrəyişin qala divarına təsiri artıracaq.

Aygün Muradxanlı, jurnalist:

- Xiyarı ancaq işıqforun sarı işığında satmaq olacaq

Azərbaycanda elə qərarlar verilir fikirləşirsən, bu, ancaq autizmli birinin təşəbbüsü ilə ola bilər. Autizm də bilirsiz nədir - insanın başqaları ilə ünsiyyət qurmasına, sosial əlaqələrə girməsinə və davranmasına mane olan beyin inkişafı pozuntusu. Örnək metro məsələsi. Bu xətləri ayırmaq nəyə gərək idi? 28 May lokasiya olaraq çox doğru qovşaqdır. Artıq bəlkə də idi... Dəmiryol vağzalı orda, şəhərin tən ortası, avtobus qovşağı da orda. Niyə dağıdırsız axı? Yerinə nə qoyacaqsız? Bir vətəndaşla ünsiyyətə, sosial əlaqəyə girin, sonra davranın da. Bunun şəhərdə necə xaos yaradacağını görmürsüz? Elmlər Akademiyası stansiyası ətrafına şəhərin Gənclik-Neftçilər-Əhmədli-Həzi Aslanov istiqamətində yaşayan onminlərlə tələbə gəlir. Üstəlik, o istiqamətdə yerləşən Bakı kəndlərində yaşayıb Nizami stansiyasından o yana hər gün gedib-gəlməli olanlar. Universitetlərdən başqa, təkcə ərazidəki nazirlikləri, rəsmi qurumları əlavə etsək, say 10-20-yə qatlanır. Bu qədər adamı 1 il gündə 2 dəfə Bakının mərkəzinin dar, basırıq yollarında qoymaq üçün ancaq gərək toplumdan autda olasan. Sevimli cipitiniz bunu demədi sizə?

Az qala gözlə görünəcək məsafəyə 60 qəpik gedişhaqqı da bir ayrı məsələ. Yəqin autlular velo yollarının yanında bir dənə də moto yolu çəkmək istəyirlər, pulunu tələbələrə ödədirlər. Başqa fikir beynimə gəlmədi.

İqtisadi qərarlar belə, şəhərsalma qərarları belə, təhsil, səhiyyə qərarları belə... Burda yaşamaq üçün autluların beyin müstəvisində düşünməyi öyrənmək lazımdır. Sabah hökumətin bir üzvü durub desə ki, bundan sonra xiyar ancaq işıqforun sarı işığı yananda yeraltı keçiddə satıla bilər, avtobus dayanacaqları binaların təpəsində olacaq, sərnişin binoklla avtobusun gəldiyini görəndə liftə minib, pilləkanla qaçıb ona çatmalıdır, təəccüblənmərəm. Metro qərarından prinsipial fərqi nədir ki?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью