Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın müstəqillik yolunda keçdiyi mərhələlər arasında 1991-ci il sentyabrın 3-ü xüsusi əhəmiyyət daşıyır.
Həmin gün Naxçıvan Muxtar Respublikasında keçirilən Ali Məclisin fövqəladə sessiyası sadəcə bir parlament iclası deyildi.
Bu, xalqın iradəsinin təzahürü, milli dövlətçilik ideyalarının yenidən dirçəldilməsi və gələcək müstəqillik kursunun başlanğıcı idi.
Minlərlə insanın israrlı tələbi ilə Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi Azərbaycanın siyasi taleyini dəyişdirən qərar oldu.Uzun illər müstəqillik arzusunda yaşamış xalq həmin gün özündə böyük güc və inam taparaq milli lideri ilə birliyini təsdiqlədi.
O dövrdə ölkə dərin siyasi böhranla üz-üzə idi, dövlətçiliyin gələcəyi sual altında qalırdı.
Lakin Heydər Əliyevin rəhbərliyə qayıdışı xalqın ümidlərini dirçəldərək, Azərbaycanın parçalanmaq və zəifləmək təhlükəsinə qarşı əsas dayaq nöqtəsinə çevrildi.
Naxçıvandan başlanan bu missiya qısa zamanda bütün ölkəni əhatə etdi və Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının yolunu açdı.Heydər Əliyevin Ali Məclisin sədri kimi fəaliyyəti yalnız Naxçıvan üçün deyil, ümumilikdə Azərbaycan üçün tarixi əhəmiyyət daşıdı.