Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Terrorizm — sərhəd, din, millət və insanlıq dəyəri tanımayan, bəşəriyyətin dinc gələcəyinə yönəlmiş en ağır cinayətlərdən biridir. Hər il sentyabrın 3-ü dünyada və xüsusən regional müstəvidə Terrorla Mübarizədə Həmrəylik Günü kimi qeyd olunur. Bu tarix təkcə fəlakət qurbanlarının xatirəsini anmaq günü deyil, həm də dinc insanların, xüsusilə məsum uşaqların həyatına qəsd edən radikalizmə və terrora karşı qlobal birliyin vacibliyini xatırladan dönüş nöqtəsidir.
3 sentyabr tarixinin bu statusu alması 2004-cü il sentyabrın 1-dən 3-nə dək Şimali Osetiyanın Beslan şəhərindəki 1 saylı məktəbdə törədilən dəhşətli terror aktı ilə birbaşa bağlıdır:
Sentyabrın 1-də Bilik Günündə məktəbə basqın edən silahlı terrorçular 1100-dən çox insanı — şagirdləri, valideynləri və müəllimləri girov götürdülər. Üç gün boyunca susuz, qidasız və dəhşətli psixoloji təzyiq altında saxlanılan girovların xilası əməliyyatı faciə ilə nəticələndi.
Terror aktı nəticəsində 186-sı uşaq olmaqla 334 dinc sakin həlak oldu, yüzlərlə insan ağır yaralandı. Beslan facəsi göstərdi ki, terrorizm insanlıq simasını tamamilə itirmiş bir təhlükədir. Məktəbli uşaqların hədəf seçilməsi bütün bəşəriyyətə qarşı törədilmiş cinayət idi.
Azərbaycan terrorizmin acı nəticələrini yaxından tanıyan və bu bəla ilə hər zaman qətiyyətlə mübarizə aparan dövlətlərdən biridir:
Erməni Terrorunun Qurbanı: 1980–1990-cı illərdə Ermənistanın xüsusi xidmət orqanları və terror təşkilatları tərəfindən Azərbaycanın sərnişin qatarlarında, metrosunda, avtobuslarında və yaşayış məntəqələrində onlarca terror aktı törədilmiş, minlərlə dinc sakin həlak olmuşdur.
Azərbaycan beynəlxalq anti-terror koalisiyasının fəal üzvüdür və regional təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayır.
2020-ci il Vətən Müharibəsində Gəncə, Bərdə və Tərtərə atılan qadağan olunmuş raket zərbələri, eləcə də 2023-cü ilin sentyabrında keçirilən anti-terror əməliyyatları regionun erməni separatizmi və terrorizmindən təmizlənməsində həlledici addım oldu.
Terrorizmin dini, irqi və milli mənsubiyyəti yoxdur. Terrorla mübarizə yalnız beynəlxalq hüququn tətbiqi, ikiüzlü standartlar siyasətindən imtina və kütləvi həmrəylik sayəsində mümkündür.
Terrorla Mübarizədə Həmrəylik Günü həm də bütün dünyada sülhün və təhlükəsizliyin nə qədər kövrək olduğunu xatırladır. Müasir dünyada kiber-terrorizm, ideoloji radikallaşma və separatizm kimi yeni təhdidlərə karşı yalnız dövlətlərin birgə səyi və cəmiyyətin oyaqlığı ilə cavab vermək mümkündür.
M.MİRZƏ
XQ