30 dollara alınan tablo 1,3 milyon dollara satıldı FOTOLAR

16.10.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin Miçiqan ştatında ikinci əl əşyaların satıldığı ev satışından cəmi 30 dollara alınan tablo təxminən 75 ildən sonra yenidən üzə çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, məşhur rəssam Gertrude Aberkrombinin 1951-ci ildə çəkdiyi müəyyənləşdirilən əsər hərracda 1,3 milyon dollara satılıb.

Araşdırmalar nəticəsində tablonun amerikalı sürrealist rəssam Gertrude Aberkrombinin “Alderman Merriam's Shells” adlı əsəri olduğu təsdiqlənib.

Əsər hərracdan əvvəl 200 min dollar dəyərində qiymətləndirilsə də, satış qiyməti bu məbləği dəfələrlə üstələyib. Beləliklə, tablo Aberkrombinin əsərləri arasında hərracda ən yüksək qiymətə satılan əsər olub.

Rəssamın 1951-ci ilin sonlarında tamamladığı, təxminən 20,3 x 27,9 santimetr ölçüsündə olan yağlı boya tablosunda doqquz dəniz çanağı təsvir edilib.

Əsərin yaradılmasında Çikaqo Şəhər Şurasının beşinci dairədən seçilmiş üzvü Robert Merriamın kolleksiyası mühüm rol oynayıb. 

Rəssamın tanışı olan Merriam tablo üzərində işləməsi üçün ona dəniz çanaqları təqdim edib.

Aberkrombi 1952-ci ilin əvvəlində əsəri Miçiqan ştatının Kalamazoo şəhərində yaşayan, onu əməliyyat etmiş həkim Con T. Reynoldsa satıb. 

Reynolds 1952 və 1953-cü illərdə tablonu Nyu-York, Çikaqo və Miluokidə keçirilən müxtəlif sərgilərdə nümayiş etdirib.

Həmin dövrdə 50-150 dollar arasında qiymətləndirilərək satışa çıxarılan əsər alıcı tapmayıb. Reynolds tablonu evində saxlamağa davam edib. Həkimin ölümündən sonra ev əşyalarının satışı zamanı yenidən üzə çıxanadək əsər təxminən 75 il ərzində diqqətdən kənarda qalıb.

Tablonu aşkar edən kolleksiyaçı 2025-ci ildə Kalamazoodakı ev əşyalarının satışında iştirak edərkən satıla biləcək əşyaların böyük hissəsinin artıq götürüldüyünü görüb.

Əsər evin arxa tərəfində, qaraja açılan zəif işıqlı dəhlizdə yerləşib. Kolleksiyaçı tablonun arxasındakı “abercrombie 51” imzasını çətinliklə oxuya bilib.

Köhnə plastinkalara və vintaj mebellərə maraq göstərən kolleksiyaçı Aberkrombinin yaradıcılığı ilə tanış olduğundan tablonu almağa qərar verib. Daha sonra əsəri Miluoki İncəsənət Muzeyinə aparıb.

Həmin vaxt muzey rəssamın yaradıcılığına həsr olunmuş genişmiqyaslı sərgiyə hazırlaşırmış. Sərginin kataloqunda eyni dəniz çanaqlarını əks etdirən tarixi fotoşəklin yer alması tablonun kimliyinin müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Kolleksiyaçı Aberkrombinin yaradıcılığı üzrə mütəxəssis Syuzan Vayninqerdən kömək istəyib. Vayninqer əsərin rəssamın uzun müddət itmiş hesab edilən orijinal “Alderman Merriam's Shells” tablosu olduğunu təsdiqləyib.

İlk baxışda adi görünən doqquz dəniz çanağının təsvir edildiyi tablonu onların qeyri-adi düzülüşü fərqləndirir.

Çanaqların bəzilərinin qaranlıq boşluq üzərində asılı vəziyyətdə görünməsi əsərə sürrealist ab-hava verir.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью