Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Aytən Səfərova televiziya fəaliyyətinin 30 illiyi münasibətilə paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında arxiv fotosunu yayımlayaraq 30 il əvvəlki ilk efir gününü xatırlayıb.
A. Səfərova bildirib ki, düz 30 il əvvəl, bazar günü olmasına baxmayaraq, böyük həyəcanla Əhmədlidən AzTV-yə yollanıb. Həmin gün onun ilk efiri olub:
“İlk dəfə idi ki, bazar günü işə getməli idim. Paralel olaraq o vaxtlar “Zerkalo” qəzetində də çalışırdım. Səhər ilk dəfə efirə çıxmalı idim. “Səhər” musiqili informasiya verilişində 5 dəqiqə “Новости” rus dilində xəbərləri deməli idim.
Bir gün əvvəldən redaktorlardan xəbərləri götürmək lazım idi. Vüqar Mirsadiq və ya Rauf Cabbarovdan. Çox həyəcanlı idim. Axı, ən böyük arzumun bir günlüyündə idim”.
Aparıcı paylaşımında sözügedən fotonun “Səhər” verilişinin birinci ildönümünə həsr olunan ziyafətdən yadigar qaldığını qeyd edib.
“Təəssüf ki, “Səhər”in yazısı aparılmırdı, AzTV-də arxivdə yoxdur. O vaxtlar foto və video çəkdirmək imkanları bugünkü qədər yox idi. Yoxsa nə qədər müsahibəni, nə qədər unudulmaz anları, episentrindən xəbər verdiyim hadisə məkanlarını həmişəlik həkk etmək olardı. Amma ilk efirim ömürlük yaddaşıma həkk olundu. O gündən bu günə – düz 30 il.
Düz 30 ilin tamamında. İndi tam əminliklə və qürurla deyə bilərəm ki, həyatımı Azərbaycan mediasına, radio və televiziyasına həsr edən və bu xidmətə sadiq qalan tək-tük aparıcılardanam”.