30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim

04.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 4 noyabr, AZƏRTAC

1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndindən məcburi köçkün düşən Vüsal Kazımov üçün doğma yurdun işğalı yalnız ev-eşiyindən, torpağından ayrı düşmək demək deyildi. Həmin ağır günlərdə anasını da itirən Vüsalın qəlbində illərlə sağalmayan bir yara, doğma torpaqların azadlığına qovuşacağı günə qədər sönməyən bir ümid vardı. O, 30 il ərzində yurd həsrəti və anasının itkisi ilə yaşadı. 2020-ci ildə Vətən müharibəsi başlayanda isə bu həsrətin sona çatması üçün özü də mübarizənin iştirakçısı olmaq qərarına gəldi.

Vüsal Kazımov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, müharibəyə həkim kimi könüllü yollanmaq üçün dəfələrlə müraciət edib. İlk müraciətlərinin nəticəsiz qalması onu fikrindən döndərməyib. Hətta hərbi komissarlıqda ailəsində şəhid olduğu üçün onun döyüşə göndərilməsinə tərəddüd edildikdə belə, Vüsal qərarından dönməyib.

“Öz-özümə düşünürdüm ki, necə ola bilər, kəlbəcərli olmayan, ağdamlı olmayan insanlar döyüşə gedir, yaralanır, şəhid olur, amma mən kəlbəcərli, şəhid ailəsinin övladı ola-ola kənarda qalım? Bunu özümə bağışlaya bilməzdim. Mənim üçün bu, həm doğma torpaqlarımızın azadlığı, həm də illərlə içimdə daşıdığım ağrının sona çatması demək idi”, – deyə Vüsal Kazımov bildirir.

Nəhayət, onun müraciəti qəbul olunur və Vüsal Vətən müharibəsinə yollanır. Laçın istiqamətində gedən döyüşlərdə taborun tibb məntəqəsinin rəisi kimi xidmətə başlayır. Onun əsas vəzifəsi döyüş zamanı yaralanan hərbçilərə ilkin tibbi yardım göstərmək, qanaxmanı dayandırmaq, sarğı qoymaq və onların briqadanın tibb məntəqəsinə təxliyəsini təmin etmək idi.

Həkim üçün döyüş bölgəsində hər an həyatla ölüm arasında qərar vermək, yaralı əsgərin köməyinə çatmaq məsuliyyəti vardı. Vüsal Kazımov deyir ki, həmin günlərdə qorxu hissi keçirmirdi. Çünki 30 illik yurd həsrəti, doğma torpaqların işğalına və anasının itkisinə görə yaşadığı ağrı onun daxilində başqa bir gücə çevrilmişdi.

“Döyüşə yollananda geri qayıtmamaq ehtimalını da düşünmüşdük. Bizim üçün əsas məqsəd torpaqlarımızın azad olunması idi. O torpaqlar ya azad olmalı, ya da biz bu yolda canımızdan keçməli idik. Şükürlər olsun ki, bu gün həmin günləri yaşamış insanlar kimi buradayıq”, – deyə həkim xatırlayır.

Döyüş meydanında həkim kimi üzərinə düşən vəzifəni yerinə yetirən Vüsal Kazımov hərbçilərin döyüş əzmini də xüsusi qeyd edir. Onun yaddaşında qalan hadisələrdən biri yaralanmalarına baxmayaraq döyüş mövqelərini tərk etmək istəməyən bir neçə hərbçi ilə bağlıdır. Bölük komandiri, onun köməkçisi və üç əsgər yaralandıqdan sonra belə döyüşü davam etdirmək niyyətində olub, tibbi məntəqəyə aparılmağa razılaşmadığını deyib: “Onlara ilkin tibbi yardım göstərmişdim, amma tibb məntəqəsinə getmək istəmirdilər. Deyirdilər ki, yaralarımız ciddi deyil, döyüşməliyik. Vəziyyəti tabor komandirinə məruzə etdim. Yalnız onun əmri ilə yaralıları mövqedən çıxara bildim. Xidmət etdiyim ərazidə zabit və əsgərlərin hər biri döyüşə böyük ruh yüksəkliyi ilə yanaşırdı. Heç kim yaralanıb döyüşdən kənarda qalmaq istəmirdi”.

Vətən müharibəsi Vüsal Kazımovun həyatında yalnız hərbi xidmətlə bağlı bir mərhələ deyil, həm də 30 il boyunca qəlbində daşıdığı həsrətin, ağrının və intizarın sonu oldu. Doğma Kəlbəcərin azadlığı uğrunda mübarizədə iştirak etmək, yaralı əsgərlərin həyatını xilas etmək onun üçün həyatının ən mənalı missiyalarından birinə çevrildi.

Bu gün o, həmin günləri qürurla xatırlayır. Deyir ki, illərlə üzündən əskik olmayan kədər artıq sevinc və qürurla əvəzlənib: “Otuz ildən sonra, nəhayət, üzüm güldü. Əvvəllər insanlar gözlərimdəki kədəri hiss edir, nəyinsə məni narahat etdiyini deyirdilər. Şükürlər olsun ki, artıq sevincliyəm. Çünki doğma torpaqlarımız azaddır”.

Vüsal Kazımov bu gün ən böyük sevincinin illərlə həsrətində olduğu torpaqların azadlığını görmək olduğunu deyir. O, Vətən müharibəsində iştirak etmək və bu tarixi Zəfərə öz töhfəsini vermək imkanı qazandığı üçün minnətdarlığını ifadə edir.

Otuz il əvvəl doğma kəndindən ayrılarkən qəlbində apardığı ağrı ilə yola çıxan Vüsal Kazımov bu gün azad edilmiş torpaqların sevincini yaşayır. Onun hekayəsi bir daha göstərir ki, bəzən insanı ən çətin anlarda ayaqda saxlayan doğulduğu yurda bağlılıq, Vətənə xidmət etmək əzmi və illərlə sönməyən qayıdış ümididir.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью