GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İranda etirazlar zamanı 30 000 nəfərin öldürülməsi ilə bağlı iddialar yalandır.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CNN Türk” kanalına müsahibəsində deyib.
“Etirazçılarla təxribatçı əməllər törədən terrorçular arasında fərq var. Dekabrın 28-dən yanvarın 8-nə qədər ölkədə iqtisadi vəziyyətlə bağlı məntiqi şəkildə keçirilən etirazların şahidi olduq. Bu etirazlar qəbulediləndir və hətta, prezidentimiz etirazçılarla bəzi məsələlərdə dialoq aparırdı”,- Əraqçi bildirib.
İranlı nazir yanvarın 8-dən 10-na qədər hadisələrin mahiyyətinin dəyişdiyini vurğulayıb: “Etirazçılar arasına sızan silahlı terrorçular təhlükəsizlik əməkdaşlarına atəş açmağa başladılar. Onlar hətta adi vətəndaşları belə hədəfə alırdılar”.
Onun sözlərinə görə, bu əməlləri törədən şəxslər ABŞ prezidentinin dəstəyini cəlb etmək niyyətində olub.
Əraqçi etirazlarda ölənlərin sayının rəsmi olaraq 3117 nəfər olduğunu və onların 2000-ə qədərinin şəhid hesab olunduğunu əlavə edib.